“AzerGold” QSC-də 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Zakir İbrahimov 32 il öncə Bakıda törədilən qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Qeyd edilib ki, 20 Yanvar hadisəsi ümumxalq faciəsi olmaqla bərabər istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsidir.
20 Yanvar hadisələrinin müasir Azərbaycan tarixində buraxdığı izlərdən danışan İdarə Heyətinin sədri Sovet hakimiyyətinin bu qanunsuz əməlinə ilk olaraq Ümummilli lider Heydər Əliyevin etiraz səsini ucaltdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında sərt tənqid edərək, bu ədalətsizliyə öz etirazını bildirib. Ümummilli lider 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra isə 1990-cı ilin qanlı Yanvar faciəsi tam olaraq öz siyasi-hüquqi qiymətini alıb.
Z.İbrahimov bu qanlı faciə zamanı qətlə yetirilən şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanının xalqımız üçün müqəddəs bir məkana çevrildiyini qeyd edib. Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində qələbənin qazanılması, düşmənin təslim olmasında olduqca vacib və həlledici rol oynayan Şuşanın azad edilməsi müjdəsini xalqımıza məhz Şəhidlər Xiyabanından çatdırması faktının bu müqəddəs məkanın dövlətimiz üçün ehtiva etdiyi mənəvi dəyəri bir daha sübut etdiyini vurğulayıb.
Daha sonra tədbirdə 1990-cı ilin yanvar ayında Azərbaycanda baş vеrən hadisələri çəkməklə tariximizin bu ağır və keşməkeşli səhifəsini kinolentin yaddaşına köçürən film operatorları, Əməkdar incəsənət xadimləri Rafiq Quliyev və Nizami Abbas çıxış ediblər. Onlar qanlı hadisələr zamanı şahidi olduqları məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirin sonunda 1990-cı ildə “Salnamə” yaradıcılıq birliyi tərəfindən ərsəyə gətirilən “Azadlığa gedən yollar” sənədli filmindən fraqmentlər nümayiş olunub, 20 Yanvar hadisələrinin Azərbaycanın azadlıq mübarizəsindəki rolu barədə müzakirələr aparılıb.
Qeyd edək ki, “AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətində də 20 Yanvar qurbanları yad edilib, hadisələrin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal roluna dair çıxışlar edilib.




Xəbərlər  Tarix:   21 Yan 2022 / 10:57


« Əvvəlki xəbər (1760 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR