Tələbələr üçün "Qış düşərgəsi" başlayıb

Fevralın 5-də Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Quba rayonunda tələbələrin qış düşərgəsinin (Winter bootcamp) açılış mərasimi baş tutub.

Açılış mərasimində iştirak edən ARTİ-nin direktoru Rüfət Əzizov təqdimatında tələbələrə riyaziyyat elminin əhəmiyyəti, riyaziyyat və iş dünyası arasındakı əlaqədən danışıb, riyaziyyatın həyatla əlaqəsini interaktiv şəkildə izah edib. Daha sonra dizayn təfəkkürü və onun hissələri haqqında çıxış edib, ənənəvi təfəkkürün fərqlərini izah edib. Həmçinin əzmkarlıq və mükəmməllik, proseslərin standartlaşdırılması və prosedurlar haqqında danışaraq müxtəlif beynəlxalq idarəetmə və keyfiyyətə nəzarət sistemlərindən nümunələr verib.
Düşərgədə gün boyunca maraqlı və əyləncəli tanışlıq, komanda oyunları ilə tələbələr arasında informasiya mübadiləsi həyata keçirilib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilib.
Qeyd edək ki, "Qış düşərgəsi" 13 fevral 2022-ci il tarixinədək davam edəcək.
Düşərgə çərçivəsində tələbələrə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. Təlimlərin sonunda keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq, ilk 3 yeri qazanan iştirakçıya qiymətli hədiyyələr və sertifikat, bütün iştirakçılara isə sertifikat təqdim olunacaq. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunacaq.
Düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.




Xəbərlər  Tarix:   7 Fev 2022 / 12:06


« Əvvəlki xəbər (1726 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR