Türkiyə-İsrail yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur

Türkiyə və İsrail dövləti regionun iki mühüm dövlətlərindən biridir. Bu baxımdan da iki güc arasında "buzların əriməsi", münasibətlərin bərpa olunması, yaxınlaşma prosesi ancaq müsbət hal kimi dəyərləndirilməlidir. Daha öncə də bu istiqamətdə cəhdlər olmuşdu, buna baxmayaraq məsələni belə ifadə edərdim ki, bunun üçün tam münbit zəmin formalaşmamışdı.
Düşünürəm ki, bu mərhələdə yenidən aktuallaşması və addımların atılması hal-hazırda gedən proseslər və çağırışlarla bağlıdır. Yəni, bir növ beynəlxalq münasibətlər sistemində gedən proseslərin nəbzini tutmaqla zamanın tələbidir. Hadisələrin axarı göstərir ki, İsrail mühüm qərarların alınmasında Türkiyə ilə əməkdaşlıq etmədən müşkül duruma düşə bilər. Türkiyə də İsraillə koordinasiyasız güc mərkəzi kimi atılacaq addımlarda çətinliklə üz-üzə qala bilər.
Türkiyə Azərbaycanla dost və qardaş ölkədir, Şuşa Bəyannaməsi ilə müttəfiqliyimiz hüquqi müstəviyə qalxdı. İsraillə də Azərbaycanın əlaqələri olduqca dərin, strateji xarakter daşıyır. Xüsusilə iki dövlət arasında sıx əməkdaşlıq münasibətləri böyük gərginliklərin mövcud olduğu hazırkı dünyada əvəzsiz bir modeldir. Sözügedən dövlət Azərbaycanı müsəlman dünyasında ən etibarlı tərəfdaş hesab edir. Multikultural dəyərləri dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən Azərbaycanda da yəhudilərə qarşı digər etnik azlıqlar kimi hörmət, rəğbət, geniş imkanlar mövcuddur.
Bir digər tərəfdən də cənab Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə ifadə edib ki, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri həm də bölgə üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, münasibətlərimiz təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün vacibdir. Yəni, əlaqələr çoxşaxəlidir və iki dövlət başçısı daim təmasda olaraq gələcək addımları birgə atır. Bu baxımdan Ankara-Təl-Əviv yaxınlaşmasında da rəsmi Bakının ciddi vasitəçiliyi və rolu mövcuddur. Burada ən mühüm amil cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu, liderlik xüsusiyyəti və siyasi lider kimi ona olan etimaddır. Ümumiyyətlə, daha öncəki illərdə də dövlət başçımızın iki ölkə münasibətlərinin bərpa olunması işində atdığı addımlar, uzlaşdırma səyləri və onun verdiyi müsbət dividentlər siyasi sistemə yaxşı məlumdur.
İsrail-Türkiyə yaxınlaşması daha geniş hədəflərə istiqamətlənib, əsası isə odur ki, münasibətlərin yaxınlaşması Azərbaycanın da maraqlarına uyğundur. Türkiyə dövlət başçısı İsrail Prezidentinin ölkəyə səfərini tarixi adlandırdı və bu səfərin iki ölkə arasında münasibətlərdə yeni dönüş nöqtəsi olacağına əminliyini ifadə etdi. İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, bütün bölgənin xeyrinə olacaq. Ankara və Təl-Əviv arasında münasibətlərin yaxınlaşmasında ABŞ da maraqlıdır. Bu baxımdan da martın 10-da ABŞ Prezidenti ilə Türkiyə Prezidenti arasında baş tutacaq telefon danışığını da nəzərdə saxlamalıyıq.



Xəbərlər  Tarix:   10 Mart 2022 / 13:20


« Əvvəlki xəbər (1693 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR