Alim: "Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qala bilər"

"Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq".AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Bakı Dövlət Universitetində “Elm günü” ilə əlaqədar “Azərbaycan təbiətini qoruyaq” mövzusunda keçirilən Elmi seminarda deyib.
O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:
"Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.
Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb.
O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir: “Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”.



Xəbərlər  Tarix:   17 Mart 2022 / 15:07


« Əvvəlki xəbər (436 / 6075) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR