ABŞ Senatı Ukrayna üçün lend-liz proqramını dəstəkləyib

ABŞ Senatı İkinci Dünya müharibəsi dövrünə aid lend-liz proqramının bərpasını yekdilliklə dəstəkləyib. Qanun layihəsi Prezident Cozef Baydenə Rusiyanın işğalı fonunda Ukraynaya silah və digər ləvazimatları daha effektiv şəkildə göndərməyə imkan verəcək.İkinci Dünya müharibəsi zamanı yaradılmış lend-liz proqramı müharibənin gedişində dönüş nöqtəsi hesab olunub, çünki o, ABŞ-a vaxt aparan prosedur əngəllərini aşaraq müttəfiqlərini tez bir zamanda təchiz etməyə imkan verib.
Demokratlar və Respublikaçılar partiyalarından olan bir qrup konqresmen sənədi yanvarın sonunda - Rusiyanın Ukraynanı işğal etməyə başlamazdan əvvəl Moskvanın hərbi müdaxiləyə hazırlaşdığı barədə mətbuatda xəbərlər yayıldıqdan sonra yuxarı palataya təqdim edib.
Sənədə əsasən, münaqişə (münaqişə dedikdə qanun layihəsinin müəllifləri 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskva ilə Kiyev arasında münasibətlərdə baş verənləri nəzərdə tuturlar) yekunlaşarsa və Rusiya qoşunlarının sayının 2021-ci ilin mart ayındakı dövrə endirilərsə, Amerika liderinin genişləndirilmiş səlahiyyətlərinin müddəti başa çatacaq. Qanun layihəsində qeyd olunub ki, Rusiyadan həyata keçirilən və Ukraynanın mühüm infrastrukturuna yönəlmiş kiberhücumlar silahlı hücum kimi təsnifləşdiriləcək.
İndi sənəd Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir. Bu baş verərsə, qanun layihəsi imzalanmaq üçün Prezidentə göndəriləcək.
Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb. Bunun, təxminən, 11 milyard dolları SSRİ-nin payına düşüb.



Xəbərlər  Tarix:   7 Apr 2022 / 10:43


« Əvvəlki xəbər (1570 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR