Elmlər doktoru: "Ağdaban soyqırımı Ermənistanın insanlığa qarşı cinayətidir"

"Əbəs yerə deyilmir ki, tarix heç nəyi silmir. Eyni zamanda, daim danışan, həqiqətləri ortaya qoymağa və ədalətə, beynəlxalq hüququn prinsiplərinə söykənərək münasibət bildirməyə çağırışlar edən faktlardır. Tarixi faktlara, real həqiqətlərə söykənməyən təbliğatın ömrü qısa olar. Necə ki, ermənilər tarixi saxtalaşdırmaqla himayədarlarının dəstəyi ilə “böyük Ermənistan” xülyasına düşsələr də sonda möhkəm hüquqi bazaya söykənən Azərbaycan Ordusu dövlətimizin qətiyyətli mövqeyi sayəsində 30 ilin erməni işğalına və yalanlarına son qoydu".Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə xatırladıb ki, dövlətimiz bu illər ərzində dünya güclərinin edə bilmədiklərini edib, ədalət və beynəlxalq hüquq deyilən məfhumların reallıqda mövcudluğunu sübut edbi və başqasının torpaqlarında gözü olanın, zaman-zaman öz çirkin niyyətinə uyğun olaraq soyqırımlar, faciələr törədənin hansı duruma düşəcəyini bütün dünyaya göstərib: "Budur, tarixi faktlara söykənən siyasətin uğurlu nəticəsi. Ermənilərin tarixin ayrı-ayrı dövrlərində törətdikləri soyqırımlar, vəhşiliklər dünyaya çox yaxşı bəllidir. Amma bir reallıq unudulur ki, işğalçıya, təcavüzkara dəstək olmaq bu siyasətin müdafiəsi anlamına gəlir. Belə olan təqdirdə etimad mühitinin mövcudluğundan danışmaq olarmı? Erməni vəhşiliyindən, dünya susmağından qalmadı. Dəhşətli Ağdaban faciəsi də bu vəhşiliklərin tərkib hissəsidir. 1992-ci il aprelin 8-də, Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər bu rayonun sonrakı dövrdə işğalına şərait yaratmaq üçün Ağdaban kəndində soyqırımı törətdilər. Erməni vandalizmini təsdiqləyən bu faciə ilə bağlı statistik rəqəmlərə nəzər salaq. Erməni quldurları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edilib. İşğalçı Ermənistanı susduran, hər zaman aciz duruma salan bu dəhşətli faktlardır. Tarix saxtakarlığı sevməməklə yanaşı, faktların dili ilə danışır".
Ağdaban soyqırımından 30 il ötdüyünü qeyd edən V.Rəhimzadə vurğulayıb ki, bu faciə Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri, insanlıq əleyhinə ən böyük cinayətdir:
"Ağdaban 1993-cü ildə ikinci dəfə ermənilərin hücumuna, vəhşiliklərinə məruz qalıb. Kəndin ikinci dəfə işğalı Kəlbəcərin tamamilə zəbt olunmasına şərait yaratdı. Belə ki, Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprelin 3-də erməni silahlı qüvvələri tərəfindən tamamilə işğal edildi. İki ilə yaxındır torpaqlarımızın işğal deyil, işğaldan azad olunduğu tarixləri qeyd edirik. Bununla yanaşı, faciələrimizi, ermənilərin törətdikləri təxribatları, vəhşilikləri unutmur, onların dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün səylərimizi birləşdiririk. Xalqımız daim Zəfər sevincini bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyir. Şəhidlərimizin, ermənilərin törətdikləri soyqırımların qurbanlarının ruhu şaddır. Çünki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır".



Xəbərlər  Tarix:   8 Apr 2022 / 11:29


« Əvvəlki xəbər (1558 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR