Anar Kərimov “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə baş çəkib

Anar Kərimov Naxçıvana davam edən səfəri çərçivəsində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə baş çəkib.Qeyd edilib ki, kompleksdə yaradılmış arxeoloji-etnoqrafik sərgidə tarixi əşyalar xronoloji ardıcıllıqla nümayiş etdirilir. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis qab və alətlər, qəbirüstü abidələr, silahlar muzeyin eksponatları sırasındadır.
Ziyarət zamanı “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları alqışlarla qarşılanıb.
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində olub. Qeyd olunub ki, gənc nəslə milli musiqi sənətinin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Musiqi məktəblərində şagirdlərdən ibarət müxtəlif ansambllar, orkestrlər və başqa musiqi kollektivləri fəaliyyət göstərir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edir.
Səfər çərçivəsində qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələrindən biri olan Yusif Küseyir oğlu türbəsinə ziyarət zamanı türbənin yeraltı sərdabədən və yerüstü türbədən ibarət olduğu barədə məlumat verilib. Qeyd olunub ki, türbə ölkəmizin qülləvari türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının əsas mədəniyyət ocaqlarından biri olan Heydər Əliyev Sarayına ziyarət zamanı Anar Kərimov Naxçıvanın mədəniyyət naziri Natəvan Qədimovaya “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı təqdim edib.



Xəbərlər  Tarix:   26 Apr 2022 / 13:53


« Əvvəlki xəbər (1412 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR