“Mənim sədaqətim, mənim şərəfimdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib

Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 23-cü ildönümü ərəfəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Mənim sədaqətim, mənim şərəfimdir” devizi altında vətənpərvərlik tədbiri keçirilib.
Müdafiə Nazirliyi və Xüsusi Təyinatlı Qüvvələrin komandanlığı rəsmilərinin, respublikamızın ayrı-ayrı bölgələrindən dəvət edilən şəhid xüsusi təyinatlıların valideynlərinin, şəhid və qazi ailələri üzvlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir başlanmazdan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan unudulmaz Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Vətən müharibəsi iştirakçısı zabit Nizami Qürbətli Xüsusi Təyinatlı Qüvvələrin yaranma tarixi və 23 il ərzində keçdiyi şanlı döyüş yolu barədə məlumat verərək bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrin ilk hərbi hissəsi ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 30 aprel 1999-cu ildə yaradılıb. Birinci Qarabağ müharibəsinin iştirakçıları olmuş zabit və gizirlər qüvvələrin formalaşmasında fəal iştirak ediblər. Respublika ərazisində və ölkəmizin hüdudlarından kənarda, xüsusilə qardaş Türkiyədə keçirilən bir sıra genişmiqyaslı taktiki birgə təlimlərdə iştirak edən xüsusi təyinatlılarımız daha da güclənib, mübariz, çevik mütəşəkkil hərbi qüvvəyə çevrilib. Onlar 2016-cı ilin Aprel döyüşləri zamanı, o cümlədən Vətən müharibəsində xalqımızın şanlı döyüş salnaməsinə daha parlaq qəhrəmanlıq səhifələri yazıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 8 noyabr 2020-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevi Şuşanın azad olunması münasibətilə təbrik edərək onlara xidmətlərində daha böyük uğurlar qazanmağı arzulayıb.
Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandanın Xüsusi Təyinatlı Qüvvələr haqqında söylədiyi fikirləri alqışlarla qarşılayıblar:
“Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üzrə ən vacib əməliyyatların, xüsusilə Şuşa əməliyyatının həyata keçirilməsində həlledici rol oynadılar.
Bizim Xüsusi Təyinatlı Qüvvələr fədakarcasına döyüşdülər, bir çox əməliyyatlarda ölümə gedərkən onlar həm peşəkarlıq, həm də fədakarlıq nümayiş etdirdilər. Mən dəfələrlə Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti ilə görüşmüşdüm və əmin idim ki, ən mürəkkəb döyüş tapşırıqlarını icra etmək iqtidarında olan döyüş qabiliyyətli hissələr yaratmışıq.
Ərazinin relyefi bizim üçün əlverişli deyildi. Biz demək olar ki, dağlara dırmaşmalı olurduq. Ermənistan tərəfi yüksəkliklərdə bütün əsas mövqeləri tutaraq möhkəmləndirilmiş bir neçə müdafiə xətti yaratmışdılar. Dağ relyefinin özü də bir müdafiə xəttidir, həm də çox mürəkkəb bir müdafiə xətti. Bu səbəbdən Xüsusi Təyinatlı Qüvvələr peşəkarlıq, iradə, güc və Vətən sevgisinin səbəb olduğu möcüzələr nümayiş etdirməli oldular. Ümumilikdə, Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətini çox yüksək qiymətləndirirəm”.
Şəhid xüsusi təyinatlıların ailə üzvləri adından çıxış edən “Azərbaycan Bayrağı” ordenli kapitan Ruslan Qəhrəmanovun atası, Birinci Qarabağ müharibəsi qazisi ehtiyatda olan gizir Mehman Qəhrəmanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və Xüsusi Təyinatlı Qüvvələr komandanlığına minnətdarlıq edərək deyib:
“Biz şəhid valideynləri də çox istərdik ki, övladlarımız müharibədən sağ-salamat qayıtsınlar. Onlar da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradında iştirak etsinlər, ailələrinin yanında olsunlar. İstərdik ki, düşmən çəpəri olan oğullarımız bu müqəddəs Ramazan günündə bizimlə bir yerdə şadlansınlar, sevinsinlər. Ancaq biz deyən olmadı. Bu da bir tale yazısı imiş. Təki Vətən sağ olsun, bayrağımız daha uca zirvələrdə dalğalansın!
Biz şəhid valideynlərinin təsəllisi ondadır ki, övladlarımızın qanı yerdə qalmadı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında onların intiqamı döyüş meydanında alındı. Fəxr edirik ki, bu gün də “dəmir yumruq yerindədir” və Azərbaycan xalqı, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır”.
Ehtiyatda olan kapitan Samir Məmmədov xüsusi təyinatlı qazilər adından çıxış edərək Vətən müharibəsində ağır yaralansa da, respublikamızın ərazi bütövlüyünün bərpası məqsədilə aparılan döyüş əməliyyatlarında iştirakından, xalqımıza qələbə sevincini bəxş edən igidlərin sırasında olmasından qürur duyduğunu və bununla fəxr etdiyini vurğulayaraq uca səslə “Mənim sədaqətim mənim şərəfimdir!” deyib.
Vətən müharibəsi iştirakçılarından baş leytenant Turqay Məhərrəmov və gizir Süleyman Məhərrəmov tədbir iştirakçılarını əmin ediblər ki, bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov, Mühüd Orucov və digər xüsusi təyinatlıların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklər.
Xüsusi Təyinatlı Qüvvələr şəhidlərinin xatirəsinə və hərbi hissələrin fəaliyyətinə həsr olunan videoçarx tamaşaçıların böyük marağına səbəb olub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan “Vətənim-Bayrağım-Şərəfim” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına qürurverici və duyğulu anlar yaşadıb.
Əvvəlcə Şuşaya sancılan Zəfər bayrağımız səhnəyə gətirilib. Tədbir iştirakçıları bu anı ayaqüstə alqışlarla qarşılayıb.
Xalq artistləri Mübariz Tağıyev, Gülyaz Məmmədova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Səmayə Sadıxova və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında səslənən vətənpərvərlik nəğmələri və ssenari müəllifinin qalib Vətən əsgərinə, möhtəşəm Zəfərə həsr etdiyi şeirlər şəhidlərin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də salonda qələbə ovqatı yaradıb.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələr komandanlığı adından şəhid valideynləri, qazilər və onların övladlarını hərbi hissənin yaranmasının 23-cü ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.
Hər bir şəhid ailəsinə, qaziyə, tədbirin təşkilatçılarına, incəsənət xadimlərinə, həmçinin arxa cəbhədə ordumuza həmişə dayaq olan bir qrup ictimaiyyət nümayəndəsinə xüsusi olaraq hazırlanmış stolüstü medallar, xatirə hədiyyələri təqdim olunub.
Tədbir Xalq artisti Mübariz Tağıyevin və bütün iştirakçıların birlikdə ifa etdikləri “Mübariz Sərkərdə” (musiqisi Xalq artisti Eldar Mansurovun, sözləri Əməkdar incəsənət xadimi Abdulla Qurbaninindir) mahnısı ilə başa çatıb.



Xəbərlər  Tarix:   4 May 2022 / 16:04


« Əvvəlki xəbər (154 / 6085) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR