“Bizi irəliyə aparan Vətən sevgisi idi” adlı tədbir keçirilib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin aprelin 30-da xüsusi təyinatlılar qarşısında çıxışı Azərbaycan əsgərinin Vətən sevgisini, vətənpərvərlik hissini, döyüş ruhunu daha da artırıb.
Hazırda Azərbaycan Ordusunun bütün qoşun növü, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olması barədə kütləvi informasiya vasitələrində yayımlanan materiallar öyrənilir, videolar nümayiş etdirilir, Müzəffər Ali Baş Komandanın çıxışının kütləvi dinləmələri təşkil olunur.
Dövlətimizin başçısı digər çıxış, nitq və müsahibələrində olduğu kimi, xüsusi təyinatlılar qarşısında çıxışı zamanı da Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müstəsna xidmətləri olan Ordumuzun və onun mübariz, igid döyüşçülərinin xidmətlərini yüksək dəyərləndirib və onlara yeni uğurlar, yeni qələbələr arzulayıb.
Bir neçə gündən sonra “Hərbi And” içəcək gənc əsgərlərlə keçirilən “Bizi irəliyə aparan Vətən sevgisi idi” adlı tədbir başlamazdan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani gənc əsgərləri salamlayıb və aparıcısı olduğu tədbirlə bağlı unudulmaz təəssüratlarını şəxsi heyətlə bölüşüb.
Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandanın çıxışından səsləndirilən fraqmentləri alqışlarla qarşılayıblar:
“Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir... Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub... Mən demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə yenə də sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Budur, Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi...”
Vətən müharibəsi iştirakçılarından Vüqar Allacov, Tural Abdullayev, Vurğun Mənsimov və digər hərbi qulluqçular çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi təyinatlılar qarşısındakı çıxışını şəxsi heyətlə birlikdə izlədiklərini və Müzəffər Ali Baş Komandanın bu nitqinin hər bir əsgər və zabitin böyük ruh yüksəkliyinə səbəb olduğunu vurğulayıb və Azərbaycan naminə hər bir əmrə hazır olduqlarını bəyan ediblər.
Gənc əsgərlər adından çıxış edən İlqar Babayev Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin, qazilərimizin və rəşadətli, qalib müharibə iştirakçılarının qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcəklərinə və Müzəffər Ali Baş Komandanımızın etimadını nümunəvi xidmətləri ilə hər an doğruldacaqlarına söz verib.
Müharibə iştirakçılarına və Azərbaycan Ordusunda xidmətinin ilk günlərindən fərqlənən gənc əsgərlərə A.Qurbaninin “Vətən müharibəsi şəhidləri”, “Böyük gələcəyə baxış”, Vahid Əzizin şeirlər toplusu və Rəşid Faxralının “Əsgər nəfəsi” kitabları hədiyyə edilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə vətənpərvərlik mahnıları, şeirlər və möhtəşəm qələbəmizi tərənnüm edən milli rəqslər ifa olunub.
Gənc əsgərlərin birlikdə səsləndirdikləri “Bizi də irəliyə Vətən sevgimiz aparacaqdır!” andı ilə tədbir başa çatıb.



Xəbərlər  Tarix:   4 May 2022 / 16:30


« Əvvəlki xəbər (1360 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR