Yeni mərhələ: SOCAR şəffaf beynəlxalq enerji şirkətinə çevrilmə yolunda - TƏHLİL

“İndi biz SOCAR-da da fəal islahatlar aparılması prosesindəyik. Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf beynəlxalq enerji şirkətinə çevriləcək. Mən əminəm, çünki yeni rəhbərliyə bu təlimat verilib. Müvafiq surətdə itkilərdə də azalma olacaq. Çünki bizim qazda çoxlu itkilərimiz olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə əsaslandırılır, lakin bəzi itkilər çox şübhəlidir. Bizim aparıcı şirkətimiz olan SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin optimallaşdırılması əminəm ki, bizə əlavə resurslar verəcək, artıq indi verir”.Bu fikirlər Prezident İlham Əliyevin aprelin 29-da ADA Universitetində təşkil olunmuş beynəlxalq konfransdakı çıxışındandır.
Bir müddət əvvəl imzaladığı fərmanlarla SOCAR-ın fəaliyyətində yeni mərhələnin təməlini qoyan dövlət başçısı bu sözləri ilə islahatlara başlanıldığını və bundan gözləntilərini də açıqlamış oldu. Özü də SOCAR-ın ölkə üçün daha da faydalı olacağından gözləntisi olan təkcə Prezident deyil. Bütövlükdə cəmiyyət Azərbaycan iqtisadiyyatının təməllərindən sayılan dövlət şirkətində həqiqi şəffaflığın təmin olunmasını, idarəçiliyin optimallaşdırılmasını, səmərəliliyinin artırılması, artıq xərclərdən xilas olunmasını görmək istəyir.
Dövlət başçısının yuxarıda qeyd olunan sözləri SOCAR-da fəal islahatların aparılmasına, onun şəffaf beynəlxalq enerji şirkətinə çevriləcəyinə, korporativ idarəçiliyinin optimallaşdırılmasına və bundan əlavə resurslar əldə olunacağına dair ümidləri daha da artırır.
Bunu Azərbaycanda bütün sahələrdə şəffaflığın təmin edilməsi, müasir idarəetmə və texnologiyaların tətbiqi, səmərəlilik əmsalının yüksəldilməsi istiqamətində aparılan islahatların tərkib hissəsi kimi də qiymətləndirmək olar.
Məlum olduğu kimi, Azərbaycanın ən böyük şirkəti olan SOCAR ölkənin əsas brendidir və hazırda şirkətdə aparılan islahatlar, dəyişikliklər onun potensialının əsaslı şəkildə yüksəldilməsinə yönəlib.
Artıq bir müddətdir ki, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılır.
Neft-qaz sektoru ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak, maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək kimi məsələlər SOCAR-ın fəaliyyətinin səmərəliliyini qiymətləndirmək və xərclərini optimallaşdırmaq, dövlət investisiyalarından səmərəli istifadə də diqqət mərkəzindədir.
Ümumilikdə ölkədə gedən dəyişikliklər, eləcə də iqtisadi sahədə islahatlar SOCAR-dan da yan keçə bilməzdi. Dövlət Neft Şirkətinin idarəetməsində köklü dəyişiklərə ciddi ehtiyac vardı.
Bu baxımdan şirkətin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilməsi, idarəetmə mexanizmi kimi Müşahidə Şurasının yaradılması mühüm addım kimi qiymətləndirilməlidir. Ölkə prezidentinin 23 yanvar 2021-ci il tarixli fərmanı məhz bilavasitə SOCAR-ın idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlıdır. Fərmanda qeyd edilir ki, qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır. SOCAR-ın yenidən təşkili və ləğvi, şirkətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti ölkə prezidentinin səlahiyyətlərinə aid edilib.
Dövlət başçısının 23 yanvar 2021-ci ildə imzaladığı başqa bir fərmanla SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib. Şuraya iqtisadiyyat naziri sədr olmaqla, ümumilikdə 7 üzv təyin edilib.
50 min nəfərdən artıq işçi heyətinə malik SOCAR kifayət qədər böyük struktura malik təsərrüfat subyektidir: şirkətin tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir. Bundan əlavə, SOCAR müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərdə paya malikdir və hazırda onun iştirakı ilə 28 birgə müəssisə fəaliyyət göstərir. Şirkət Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR hazırda Azərbaycanın xam neft hasilatının təxminən 20%-nə nəzarət edir. Öz hasilatına əlavə olaraq, Şirkət BP tərəfindən idarə olunan AÇG HPBS və Şahdəniz HPBS-ləri daxil olmaqla beynəlxalq neft şirkətləri ilə bir çox HPBS-ləri bağlayıb. Şirkət AÇG HPBS-də 11.65% paya, Şahdəniz HPBS-də 10% paya malikdir. Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz neft-qaz kəmərlərində SOCAR-ın payı var. Bundan əlavə, ölkə daxilində kimya sənayesinin nəhəng müəssisələri olan Sumqayıt Karbamid Zavodu və “SOCAR Polymer” şirkətləri də SOCAR-a məxsusdur.
Şirkətin 10-dan artıq ölkədə nümayəndəlikləri, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdə birgə müəssisələri fəaliyyət göstərir. Gürcüstanda “Energy Georgia” törəmə müəssisəsi vasitəsilə neft, “Georgia Gaz” törəmə şirkəti vasitəsilə qaz satışını həyata keçirir və Türkiyənin ən iri neft-kimya müəssisəsi olan “Petkim” şirkətinin nəzarət səhm sahibidir. 2011-ci ildə Türkiyədə inşasına başlanan və 6,3 mlrd. dollarlıq investisiya ilə qurulan STAR neft emalı zavodu isə 2019-cu ildən fəaliyyət göstərir.
Ölkə iqtisadiyyatının miqyası baxımından kifayət qədər nəhəng struktura malik olan SOCAR-da artıq yeni mərhələyə start verilib. Bu mərhələdə əsas məsələlərdən biri də SOCAR və dövlət arasından maliyyə münasibətlərində şəffaflığın artırılmasının vacibliyidir.
İndi SOCAR başqa prinsiplərlə idarə olunur. Şəffaflıq, səmərəlilik, yeni texnologiyaların tətbiqi, idarəetmədə optimallaşdırma üzərində qurulmuş bu prinsiplər ölkə iqtisadiyyatına mühüm gəlirlər gətirməklə yanaşı, Azərbaycanın milli brendi və dəyəri olan SOCAR-ın şəffaf beynəlxalq enerji şirkətinə çevrilməsi üçün də zəmin yaradacaq.



Xəbərlər  Tarix:   16 May 2022 / 14:29


« Əvvəlki xəbər (1289 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR