Hikmət Babaoğlu: “Özbəkistan Azərbaycan Prezidentini qalib sərkərdə kimi qarşıladı”

“Azərbaycan prezidenti İlham Əliyevin dost və qardaş Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan vermiş oldu”.Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.Hikmət Babaoğlu deyib ki, səfər zamanı 20-yə qədər mühüm sənəd imzalanıb və bunların hər biri ayrılıqda olduqca əhəmiyyətlidir: “Çünki məzmun etibarilə bu sənədlər iki ölkə arasında münasibətlərin böyük bir spektrini kompleks şəkildə əhatə edir. Buraya iqtisadi, mədəni sahədən başlamış hərbi texniki əməkdaşlığa qədər geniş blok daxildir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti postpandemiya dövrünün ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etdi. Çünki hazırkı mürəkkəb geostrateji şərtlər milli dövlətlər üçün proqnozlaşdırılması mümkün olmayan təhdidlər yaradır ki, belə təhdidləri yalnız etibarlı müttəfiq və tərəfdaşlarla birlikdə dəf etmək mümkündür. Bu təhdidlər sadəcə, hərbi siyasi məzmunlu deyil, həm də iqtisadi, tibbi-sağlamlıq, informativ olmaqla çoxşaxəlidir. Bütün bunlar milli maraqların qorunması üçün fəal əməkdaşlığı zəruri edir. Özbəkistanda başda Prezident Savkat Mirziyoyev olmaqla siyasi elita və bütövlükdə özbək xalqı Azərbaycan Prezidenti İlham Əliyevi böyük təntənə və ehtişamla qarşıladı. Yəni Özbəkistan Azərbaycan Prezidentini qalib sərkərdə kimi qarşıladı. Yalnız qardaş xalq qardaşının tarixi zəfərinə belə sevinə bilər. Prezident Şafqat Mirziyoyev bildirdi ki, mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Belə səmimi və sevgi dolu cümləni qurmaq üçün yalnız qardaş olmaq lazımdır ki, Özbəkistan-Azərbaycan qardaşlığı da ölkənin liderinin dilindən məhz bu cür səsləndirilir. Ancaq belə mənəvi-humanitar məsələlərlə yanaşı iki ölkənin qarşılıqlı iqtisadi, hərbi-texniki və siyasi əməkdaşlığı o qədər böyük potensiala və perspektivə malikdir ki, bu potensialın realizə olunması regionun iqtisadi və kommunikasiya mənzərəsini tamamilə dəyişə bilər. Bunun üçün Azərbaycanın yaratdığı logistika və kommunikasiya layihələri Özbəkistan üçün Qərbə çıxış qapısı rolunu oynaya bilər”.
Deputat qeyd edib ki, Özbəkistan işğaldan azad edilmiş Füzuli rayonunda məktəb inşa etməyi planlaşdırır: “Bu, bir qardaş töhfəsidir və məhz məktəbin tikilməsi ayrıca məzmun daşıyır. Çünki Özbəkistan Əlişir Nəvailərin, Uluqbəylərin vətənidir. Bu səfər və imzalanan sənədlər ən qısa zamanda iki qardaş və dost ölkə arasında strateji müttəfiqlik şərtləri yaradacaq qədər əhəmiyyətldir”.



Xəbərlər  Tarix:   22 İyun 2022 / 15:47


« Əvvəlki xəbər (1090 / 7273) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

20 yanvar tədbir
22 Yan 2023 / 21:48