Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə daha 40 e-xidmət yaradılır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 175 xidmətindən artıq 110-u elektron, o cümlədən 46-sı proaktiv qaydada göstərilir. Nazirlik üzrə daha 40 e-xidmət yaradılır və ilin sonunadək istifadəyə veriləcək.
Bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası sahəsində 2022-ci ilin 6 ayında görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
O, Nazirlik üzrə e-xidmətlərin sayının bu il 150-yə, quruma dair xidmətlərin elektronlaşma səviyyəsinin 90 faizə çatacağını vurğulayıb.
K.Əkpərov bildirib ki, bu ilin 6 ayında Nazirliyin e-xidmətlərinə 125 milyondan çox, e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət edilib. “Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən e-sosial.az portalında qeydiyyatdan keçənlərin sayı da artaraq 1,2 milyonu ötüb.
Yanvar-iyun aylarında 15,6 min pensiya, 144,1 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən, proaktiv qaydada (müraciət olunmadan və sənəd təqdim edilmədən) aparılıb. Son 4 ildə Nazirlik üzrə 30-dək e-arayış xidməti yaradılıb ki, son 6 ayda bu xidmətlər vasitəsilə 314 683 e-arayış verilib.
Bu ilin ötən dövründə Nazirliyin informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olduğu bildirilib.
200 minədək şəxsə dair məlumatları əhatə edən “Zəfər” altsisteminin şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək sahəsində çevik, operativ, sistemli işlərdə önəmi vurğulanıb. Bu il müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ təyinatında da bu e-sistemin mühüm rolu qeyd edilib.
Cari ilin may ayında istifadəyə verilən “Əmək və Məşğulluq” (ƏMAS) sisteminə keçidlə bağlı işəgötürənlər arasında təşkil edilən maarifləndirmə tədbirləri, ƏMAS-da yaradılan yeni funksionallıqlar (ötən dövrdə daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin sistemə əlavə olunması imkanı, xitam bildirişlərinin etibarsız edilməsi üçün vaxt məhdudiyyətinin aradan qaldırılması və s. ) diqqətə çatdırılıb.
Yaxın vaxtlarda məşğulluqla bağlı proseslərin də ƏMAS üzərindən həyata keçiriləcəyi bildirilib.
İşğaldan azad edilmiş Zəngilanın Ağalı kəndində bu il istifadəyə verilən ilk “Smart DOST” məntəqəsinin vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf və rahat şəkildə yararlanmaq imkanı yaratdığı vurğulanıb.
Hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin dövlət icbari şəxsi sığortası üzrə fəaliyyətin hazırlanan “Dövlət İcbari Şəxsi Sığorta” altsistemi ilə tam rəqəmsal müstəvidə qurulacağı bildirilib. O cümlədən həmin sığorta ödənişlərinin də e-sistem üzərindən proaktiv təyin olunacağı qeyd edilib.
DOST RİM-in fəaliyyət sahələrində İSO 9001 və ISO 20000, habelə ISO 27001 beynəlxalq standartlarının tətbiqi, “Big Data” texnologiyalarına keçid və s. istiqamətlərdə görülən işlər də diqqətə çatdırılıb.
Könüllü gənclərin İKT üzrə bilik və bacarıqlarının inkişafına dəstək məqsədi daşıyan, ilk mərhələsində 17 könüllü gəncin cəlb olunduğu “Rəqəmsal DOST Könüllüləri” layihəsinin davam edəcəyi bildirilib.



Xəbərlər  Tarix:   26 İyul 2022 / 12:58


« Əvvəlki xəbər (977 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR