Parlamentin sədr müavini Adil Əliyev Astara rayonunda şəhid ailələri ilə görüşüb

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə şəhid ailələrini və qaziləri ziyarət etmək məqsədilə Astara rayonuna səfər edib.
Vitse-spiker Astara rayonunun Əzərüd kəndində şəhid Pəncəli Teymurovun ev muzeyini ziyarət edib, şəhid ailələri və qazilərlə görüşüb. Görüşdə şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilib. Sonra şəhidlərin ailə üzvləri qəhrəman övladlarının həyatı, Vətən müharibəsində keçdikləri şanlı döyüş yolu haqqında bəhs ediblər.
Görüşdə çıxış edən vitse-spiker Adil Əliyev diqqətə çatdırıb ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan sülh yolu ilə, danışıqlar vasitəsilə problemin həllinə çalışıb. Lakin aparılan danışıqlar heç bir nəticə vermirdi, işğalçı Ermənistan isə müxtəlif təxribatlar törətməkdə davam edirdi. Düşmənin təxribatlarına son qoymaq, torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlanıldı. O, vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Vətən oğulları döyüş meydanında göstərdikləri şücaət sayəsində bu gün torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.
Milli Məclis sədrinin müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və abadlıq işləri uğurla həyata keçirilir və tezliklə Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Vitse-spiker qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə daim diqqət və qayğı göstərilir. Dövlətimiz tərəfindən onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının bərpası istiqamətində lazımi addımlar atılır. Eyni zamanda, vətəndaşlarımız da öz növbəsində şəhid ailələrinə və qazilərə böyük ehtiramla yanaşırlar. O, Vətən müharibəsi qəhrəmanlarının həyat yolunun gələcək nəslə nümunə olduğunu bildirib.
Görüşün sonunda şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.



Xəbərlər  Tarix:   28 İyul 2022 / 11:39


« Əvvəlki xəbər (955 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR