Bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadənin genişləndirilməsi barədə

Kommunikasiya texnologiyalarının sürətli inkişafı və internetin gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi bir vaxtda müasir və vətəndaş məmnuniyyətini təmin edən idarəetmənin qurulması məqsədilə aparılan uğurlu dövlət siyasəti demokratik cəmiyyətin inkişafı üçün əsas prioritet istiqamətlərdən biri olan informasiya-kommunikasiya texnologiyalarının inkişafının son nailiyyətlərindən geniş istifadə edilməsinə zəmin yaratmışdır. Qeyd olunduğu kimi, informasiyanın çəkisinin artdığı indiki dövrdə onu cəmiyyətə çatdıran kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin müasir dövrdə cəmiyyətə təsir imkanları xeyli genişlənmiş, müasir informasiya texnologiyaları artıq cəmiyyətin inkişafının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrini əhatə edərək, bütövlükdə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması yönündə aparılan işlərin təməli Ümumilli Lider Heydər Əliyevin 19 iyun 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu və 17 fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə” Milli Strategiya ilə qoyulmuş və əsas məqsəd informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək və informasiya cəmiyyətinə keçidi təmin etmək olmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 dekabr 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu bu sahədə yeni bir dövrün başlanğıcı oldu. Belə ki, qeyd edilən Qanunun tələblərinə əsasən, dövlət orqanları ilə yanaşı, bələdiyyələr də informasiyanı açıqlamaq vəzifəsindən irəli gələrək cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış və əldə olunmuş informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar.
Bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları” ilə müəyyənləşdirilir.
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bələdiyyələr ümumiləşdirilmiş statistik məlumatlar, büdcə proqnozları, bələdiyyələrin ştat cədvəlləri, bələdiyyə üzv və qulluqçularının adları və soyadları, elektron poçt ünvanları, bələdiyyənin fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri, eləcə də büdcəsinin icrası barədə məlumatlar, bələdiyyələrin əmr, sərəncam və qərarları, bələdiyyələrin vakansiyaları haqqında məlumatlar, ictimai rəy sorğusunun nəticələri və bələdiyyə fəaliyyəti ilə bağlı digər məlumatları açıqlaya bilərlər.
İnformasiya əldə edilməsinin təmin olunması sahəsində açıqlıq, ictimai iştirakçılıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Qeyd olunan Milli Fəaliyyət Planında yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi sahəsində bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuş, bələdiyyələrin milli assosiasiyalarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən ictimai şuranın yaradılması, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi, bələdiyyələrin internetə çıxışının artırılması, bələdiyyələrin internet səhifələrinin açılması və aktiv fəaliyyət göstərməsinin təmin edilməsi və Bələdiyyələrlə iş portalının yaradılması tapşırılmışdır. Ölkə başçısının bu sahədə tapşırığının icrası məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən görülmüş işlər nəticəsində 2020-ci ilin avqust ayından “Bələdiyyələrlə iş portalı” istifadəyə verilmiş, həmçinin paralel olaraq “Bələdiyyələr barədə məlumat əldə edilməsi” elektron məlumat informasiya xidməti fəaliyyətə başlamışdır.
Həmçinin bələdiyyələrə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin imkanlarının yerli idarəçiliyə tətbiqi, bələdiyyə fəaliyyəti barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi məqsədilə sosial mediada fəallığın artırılması tövsiyə edilmiş, nəticədə respublika üzrə 61 Bələdiyyə sədrlərinin Əlaqələndirmə Şuralarının “facebook” səhifələri yaradılmışdır. Bunun nəticəsidir ki, davam etdirilən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş bələdiyyələrin sayı 75%-dək, internetə çıxışı olanların sayı isə 73%-dək artmış, bələdiyyə qurumlarının vətəndaşlarla və dövlət orqanları ilə informasiya sahəsində qarşılıqlı münasibəti daha əlçatan olmuşdur. Bununla yanaşı, nazirlik tərəfindən bələdiyyələrlə mütəmadi metodoloji iş aparılması, onlara müvafiq qanunvericiliyin tələbləri izah olunmaqla tövsiyələr göndərilməsi və digər vasitələrlə bu prioritet istiqamət üzrə işlər davam etdirilir.
Kənd və qəsəbə bələdiyyələri yerli əhalinin məlumatlandırılması üçün ənənəvi üsullardan istifadə etməklə, yəni bələdiyyələrin inzibati binasının qarşısında və əhalinin sıx məskunlaşdığı ərazilərdə xüsusi lövhələr yerləşdirməklə, əhali ilə mütəmadi olaraq görüşlər keçirməklə, qanunla nəzərdə tutulmuş vaxtlarda əhali qarşısında hesabatlar verməklə yanaşı, kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsi ilə öz fəaliyyətlərini işıqlandırmalıdırlar.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər kimi yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi rəhbər tutularaq bələdiyyə gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi, dövlət və bələdiyyə əmlakının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsi sahəsində görülən işlərin yekunlaşdırılması, dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması ilə bağlı təkliflər hazırlanması, kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi ilə bağlı tapşırıqlar verilmişdir.
Bələdiyyələr yerli sosial, maliyyə, ekoloji, abadlıq məsələləri ilə bağlı müəyyən işlər görsələr də, əhalinin bu barədə yaxından tanış olması üçün kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin geniş imkanlarından istifadə etməklə əhaliyə kifayət qədər məlumat təqdim edə bilmirlər. Kompüter avadanlığı ilə təmin olunmuş və internetə çıxışı olan bələdiyyələrin sayının gündən-günə artmasına baxmayaraq çatışmazlıqlar hələ də mövcuddur. Belə ki, bir sıra bələdiyyələr keçirilən iclasın nəticəsi, illik hesabat, audit yoxlamasının nəticələri ilə yerli əhalini tanış etmir, bələdiyyənin qəbul etdiyi qərarları və ya digər vacib məlumatları əhalinin tanış edilməsi üçün bələdiyyə binasının qarşısında olan xüsusi lövhələrdə yerləşdirilmir, eləcə də elektron informasiya ehtiyatlarında açıqlamırlar. İnformasiya ehtiyatlarından səmərəli istifadə yerli əhalinin informasiyaya olan ehtiyacının tam ödənilməsinə, bütövlükdə yerli idaəretmənin effektivliyinin artırılmasına və vətəndaşlarla qarşılıqlı münasibətlərinin yaxşılaşdırılmasına şərait yaradır. Bunun üçün bütün bələdiyyələr internet şəbəkəsinə çıxışı təmin etməli, elektron poçt ünvanı yaratmalı və internet şəbəkəsindən istifadə zamanı informasiya təhlükəsizliyini təmin etməlidirlər.
Bələdiyyələrin daha səmərəli fəaliyyəti üçün yeni innovativ yollar axtarılmalı və mövcud yerli resurslardan tam həcmdə istifadə olunmalıdır. Bunun üçün isə bələdiyyələrin müvafiq informasiya bazasına malik olması və peşəkar kadrların işə cəlb edilməsi vacib şərtlərdəndir. Ölkə bələdiyyələrində yerli idarəetmənin təşkili prosesində milli qanunvericiliyin verdiyi imkanlar daxilində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı bələdiyyə üzv və qulluqçuları biliklərini müntəzəm artırılmalıdırlar.
Qeyd etmək lazımdır ki, vətəndaşların internet resurslarından geniş istifadəsini nəzərə alaraq bələdiyyələr informasiya və kommunikasiya texnologiyaları vasitəsilə yerli əhalinin bələdiyyələrin fəaliyyəti ilə yaxından tanış olması üçün kütləvi informasiya vasitələri və sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanmalıdırlar. Ölkəmizdə əhali tərəfindən intensiv istifadə edilən “facebook”, “twitter”, “whatsapp” sosial şəbəkələrinin və “youtube” platformasının hər gün artan imkanlarından lazımi şəkildə istifadə olunmalı, həmin sosial şəbəkələr vasitəsilə yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində görülən işlər barədə cəmiyyətin müxtəlif təbəqələrində ictimai rəy formalaşdırılmalı və bununla da bələdiyyə idarəçiliyinin keyfiyyəti yüksəldilməklə yerli əhalinin etimadı qazanılmalıdır.
Göstərilənləri nəzərə alaraq bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadənin genişləndirilməsi və bu sahədə qanunvericiliyin tələblərinin dərindən öyrənilməsi və əməl edilməsi Sizə tövsiyə olunur.



Xəbərlər  Tarix:   1 Avq 2022 / 13:56


« Əvvəlki xəbər (829 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR