Humanizm, qayğı və xeyirxahlıq nümunəsi

Vətəndaş rifahının təminatı, həssas qruplardan olan insanlara diqqət və qayğının artırılması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri bu istiqamətdə dövlət siyasətinin icrasına, xüsusi qayğıya ehtiyac duyan şəxslərin şəfqət, qayğı mühiti ilə əhatə olunmasına, ümumən ölkəmizdə sosial inkişafa mühüm töhfələr verir.
Bu təşəbbüs və layihələr sosial sahənin bütün istiqamətlərini əhatə edir. Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyət kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binası inşa edilərək, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum gənclərinə təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” kimi fəaliyyət göstərən həmin yaşayış binalarının sakinlərinin məşğulluğunun təminatı istiqamətində də ardıcıl işlər aparılıb.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası son illər Azərbaycanın innovativ sosial uğurlarından biri olaraq artıq ölkəmizin daha bir brendi kimi tanınır. 2019-cu ilin may ayından artıq Bakı şəhəri və Abşeron rayonu üzrə 5 DOST Mərkəzi açılıb. Həmin mərkəzlərdə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 154 növdə xidmət innovativ yanaşmalar əsasında “bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə, vətəndaş məmnunluğu prinsipinə uyğun təqdim edilir. Artıq 1 milyon 50 min vətəndaş DOST xidmətlərindən faydalanıb, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,7 faizdir. Bakıda, eləcə də Bərdə, Quba, Gəncə, Sumqayıt, Sabirabad, Masallı və digər bir sıra bölgələrimizdə də DOST Mərkəzlərinin açılması üçün hazırlıq işləri aparılır. DOST Agentliyi bu il Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı ilə təltif olunub, “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021” nəşrində isə DOST Mərkəzləri Azərbaycanda təkmil top 3 islahatdan biri kimi təqdim olunub.
Hələ 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimizin reabilitasiyasına Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən yüksək diqqət və qayğı göstərildi. Fondun layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin edildilər. Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı ilə icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti də müharibədə yaralanaraq əzalarını itirmiş hərbçilərimizin yüksək texnologiyalı protezlərlə təminatıdır. Onların yenidən aktiv həyata dönüşünə şərait yaradılması işləri çərçivəsində artıq 330 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub.
Əlilliyi olan şəxslərin reabilitasiyası və onların inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində mühüm yer tutur. Onun təşəbbüsü və dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində Uşaq Reabilitasiya Mərkəzi, 2010-2012-ci illərdə Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Həmçinin Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun olan, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə ölkəmizdə əlilliyi olan şəxslərə və digər həssas qrupların cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan fəal dövlət siyasətinin növbəti təcəssümüdür. 2021-ci ilin ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.
Qeyd olunanlarla yanaşı, Heydər Əliyev Fondu tərəfindən həssas qrupların, habelə ahılların yaşadığı sosial xidmət müəssisələrində mütəmadi olaraq nəcib aksiyalar, dövlət himayəsində yaşayanlara fərəhli hisslər bəxş edən tədbirlər təşkil olunur. Son illər pandemiya dövründə həmin sosial xidmət müəssisələrindəki insanların, o cümlədən yaşlıların COVİD-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərin görülməsinə Fondun ardıcıl dəstəyi də yüksək humanizm, şəfqət və xeyirxahlıq nümunəsidir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə sosial cəhətdən həssas olan ailələrə sovqatlar, ərzaq yardımları paylanılıb, Fondun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial bağlar” layihəsi çərçivəsində özünüməşğulluq proqramına önəmli dəstək olaraq, son illər yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları qurulub.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xoşməramlı, nəcib layihələri, təşəbbüsləri, həssas qruplardan olan vətəndaşlara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə böyük diqqət və qayğısı, ardıcıl dəstəyi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanaraq yüksək dəyərləndirilir.



Xəbərlər  Tarix:   26 Avq 2022 / 14:37


« Əvvəlki xəbər (547 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR