Nazim Xeyrulla oğlu Məmmədov

Fövqəladə Hallar Nazirliyinə ağır itki üz vermişdir. Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini daxili xidmət general-leytenantı Nazim Xeyrulla oğlu Məmmədov 2022-ci il avqustun 26-da ömrünün 70-ci ilində vəfat etmişdir.
Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə doğulub boya-başa çatdığı Ordubad şəhərində başlayan N.Məmmədov ömrünün sonrakı mərhələsini Bakı şəhəri ilə bağlamış, uzun illər Dövlət Gömrük Komitəsində məsul vəzifələrdə çalışmışdır. 2018-ci ildən Fövqəladə Hallar Nazirliyində nazir müavini kimi fəaliyyətini davam etdirmişdir.
Nazim Məmmədov istər Dövlət Gömrük Komitəsində, istərsə də Fövqəladə Hallar Nazirliyində çalışdığı müddət ərzində daim dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilmiş, işgüzarlıq və təşkilatçılıq bacarığı, səmimiliyi, müsbət xüsusiyyətləri ilə kollektiv arasında böyük hörmət qazanmışdır. Nazim Məmmədov üzərinə düşən vəzifələri hər zaman böyük məsuliyyət və əzmkarlıqla icra etmişdir. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək müxtəlif təltiflərə layiq görülmüşdür.
Gözəl insan, bacarıqlı təşkilatçı, vicdanlı vətəndaş Nazim Məmmədovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!



Xəbərlər  Tarix:   30 Avq 2022 / 10:43


« Əvvəlki xəbər (458 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR