Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi davam edir

Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində bu gün “BRAVO” marketlər şəbəkəsinin 28 Mall, 20 Yanvar və Gənclik filiallarından ümumilikdə 98 kq işlənmiş batareya toplanılaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, indiyədək layihə çərçivəsində ümumilikdə 191 kq işlənmiş batareya toplanılıb.

“İlk 9 toplama qutusu “BRAVO” marketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində marketin müxtəlif filiallarında yerləşdirilib. Hazırda “Araz”, “Neptun”, “Rahat” marketlərdə də qutular yerləşdirilərək məntəqələrin sayı 50-ə çatdırılıb. Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır”.
S.Məmmədovanın sözlərinə görə, müxtəlif dövlət qurumlarında, nazirlik və dövlət komitələrində də bu cür qutular yerləşdirilərək layihəyə dəstək verilir.
“Bu prosesə töhfə verən bütün vətəndaşlara təşəkkür edirik. Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.
Xatırladaq ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən may ayında start verilib.



Xəbərlər  Tarix:   31 Avq 2022 / 12:55


« Əvvəlki xəbər (432 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR