Şəkidə “Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda bölgə müşavirəsi keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkənin ən böyük taxılçılıq rayonu olan Şəkidə “Taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda bölgə müşavirəsi keçirilib. Müşavirədə nazirlik Aparatının, tabeli qurumların, elmi-tədqiqat institutlarının nümayəndələri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan 300-ə yaxın fermer iştirak edib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, ölkədə kənd təsərrüfatının bütün sahələri kimi taxılçılığın da inkişafına xüsusi diqqət yetirilir. Taxıl əkinləri subsidiyalaşdırılır, bu sahəyə dövlət dəstəyi mexanimzləri genişləndirilir, məhsuldarlığın artırılması, taxılçı fermerlərin gəlirlərinin artması üçün müvafiq tədbirlər görülür. Payızlıq əkinlər ərəfəsində nazirlik tərəfindən fermerlər arasında maarifləndirmə işləri aparılır, fermerlərin sertifikatlaşdırılmış keyfiyyətli toxuma çıxışını təmin etmək üçün toxum sərgi-satış yarmarkaları keçirilir. Fermerləri aqrotexniki qulluq qaydalarına davamlı riayət etməyə, əkin materialı kimi sertifikatlı toxumlardan istifadə etməyə çağıran Aparat rəhbəri yeni əkin mövsümü ərəfəsində taxılçı fermerlərə uğurlar diləyib.
Müşavirədə torpaq-iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkin sahələrinin vaxtında şumlanması, torpaqda olan nəmliyin maksimum dərəcədə qorunması, düzgün toxum seçimi, aqrotexniki qulluq qaydalarının vaxtında və düzgün aparılması, payızlıq əkin bəyanlarının dekabrın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Daha sonra 2021/2022-ci il taxıl mövsümündə yüksək məhsuldarlıq əldə edən, biçin prosesində fərqlənən fermer və mexanizatorlar nazirliyin diplomları ilə təltif olunublar.



Xəbərlər  Tarix:   2 Sen 2022 / 13:07


« Əvvəlki xəbər (411 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR