Azərbaycan nümayəndə heyəti BeynəlxaIq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransında iştirak etdi

20-28 avqust tarixlərində Çexiyanın Praqa şəhərində dünyanın müxtəlif ölkələrindən 4500-dən artıq muzey mütəxəssisinin iştirakı ilə BeynəlxaIq Muzeylər Şurasının (ICOM) “Muzeylərin gücü” devizi altında 26-cı Baş Konfransı keçirildi. Hər üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Tədbirdə ölkəmiz ICOM Azərbaycan Milli Komitəsinin üzvləri - Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunu müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, İçərişəhər Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Qurbanova, “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov və digər mədəniyyət müəssisələrindən olan böyük nümayəndə heyəti ilə təmsil olundu.
Hər bir nümayəndə heyəti BeynəlxaIq Muzeylər Şurasının (ICOM) müvafiq sahə üzrə üzv olduqları komitələrdə iştirak və təqdimatlarla çıxış etdi. Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı Çexiya və Azərbaycan muzeylərinin təcrübə mübadiləsi və birgə sərgilərin təşkili, o cümlədən mədəni sərvətlərin ölkədən qeyri-qanuni yollarla çıxarılması və qeyri-qanuni ticarətə məruz qalma ehtimalı yüksək olan daşınar mədəni sərvətlərin növlərinin müəyyən edilməsi, təhlükədə olan daşınar mədəni sərvətlər ilə bağlı fikir mübadiləsi aparmışdır. ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, pandemiya dövründə muzeylərin onlayn fəaliyyəti, 44 günlük Vətən müharibəsi zamanı muzeylər tərəfindən aparılan təşviqat kampaniyaları, Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycanda ilk inklüziv muzeyi kimi fəaliyyəti haqqında ətraflı məlumat verdi, ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitəsinin iclasında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda təqdimatı iclas iştirakçılarına nümayiş etdirildi. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova “Geyimin ritual gücü” adlı iclasda “Qurama - Azərbaycan Xalq Tətbiqi Sənəti” adlı məruzə ilə çıxış etdi. “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin İdarə Heyətinin üzvü Pərvin Gözəlovun Muzey, silah kolleksiyaları və hərb tarixi Beynəlxalq komitəsinin iclasında “Muzeylər hərb tarixinin qoruyucusu: Azərbaycan, Türkiyə və Rusiya muzeylərinin nümunəsində” adlı məruzəsi dinlənildi və müəllifi olduğu “Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitabı komitə üzvlərinə təqdim edildi.
Konfrans zamanı müasir çağırışlara cavab verən yeni muzey tərifi də konfrans iştirakçılarına və beynəlxalq muzey ictimaiyyətinə təqdim edildi: “Muzey - maddi və qeyri-maddi irsi tədqiq edən, toplayan, mühafizə edən, şərh və nümayiş etdirən, daim cəmiyyətin xidmətində fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. İctimaiyyət üçün açıq, əlçatan və inklüziv muzeylər müxtəlifliyi və davamlılığı təşviq edir. Onlar təhsil, əyləncə, düşüncə və bilik mübadiləsi üçün müxtəlif təcrübələr təklif edərək etik, peşəkar və icmaların iştirakı ilə fəaliyyət göstərir”.
Qeyd edək ki, ICOM-un 2025-ci ildə keçiriləcək növbəti Baş Konfransına Dubay şəhəri ev sahibliyi edəcək.



Xəbərlər  Tarix:   2 Sen 2022 / 15:20


« Əvvəlki xəbər (406 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR