Azərbaycan icması Britaniya Kralı III Çarlza və Baş nazir Liz Trassa başsağlığı verib

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Kraliça II Yelizavetanın vəfatı ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza və Baş nazir Liz Trassa başsağlığı məktubu göndərib.

Britaniyadakı Azərbaycan icmasının adından ünvanlanan məktubda bildirilib ki, soydaşlarımız Kraliça II Yelizavetanın vəfatından dərin kədər hissi keçirir: “Millətin matəminə qatılır, Kral ailəsinə dərin hüzn hissi ilə başsağlığı verir, ölkəmizə və Birliyimizə ömürlük xidmətinə görə Əlahəzrətə minnətdarlığımızı bildiririk”.

Qeyd edilib ki, yeddi onillik ərzində ölkəsini və xalqını idarə edən Kraliça II Yelizavetanın vəfatı ilə dünya böyük şəxsiyyətini itirib: “Əlahəzrət Kraliça II Yelizaveta anadan olduğu andan həyatının son günlərinə qədər krallıq vəzifələrinin yerinə yetirilməsinə misilsiz sədaqətin təcəssümü oldu. Çox gənc yaşda – İkinci Dünya müharibəsinin mürəkkəb illərində rəhbərliyi öz üzərinə götürərək, böyük xalqı irimiqyaslı dəyişikliklərdən keçirib indiki günlərə çatdırdı”.

Məktubda Kraliçanın irsinin tarixdə qalacağı vurğulanıb: “Biz xoşbəxtik ki, müasir dövrün ən böyük monarxının idarəetməsinin şahidi olmuşuq. O, bu dünyanı daha parlaq və xeyirxah etmişdi. Qeyri-adi bir insanı itirmək kimi ağrınızı bölüşürük. Əlahəzrətin həyatı fədakarcasına xalqa xidmətə həsr olunmuşdu. Biz bütün ölkə və dünyadakı insanlarla birlikdə onun itkisini hiss edirik. Onun Birləşmiş Krallığa, Birliyə və dünyaya bəxş etdiyi böyük töhfəyə hörmətlə yanaşırıq. Kraliça II Yelizaveta əhəmiyyətli irs qoyub gedir və onun xatirəsi başqalarını da ölkəsinə xidmət göstərməyə və rəhbərlik etməyə ruhlandıracaq. Kraliça II Yelizaveta gələcək nəsillər üçün nümunə idi və bundan sonra da belə qalacaq”.

Nəzərə çatdırılıb ki, Əlahəzrətin irsinə hörmətlə yanaşan Azərbaycan icması Kral ailəsi, Böyük Britaniya və Birlik xalqları ilə birgə matəm saxlayır: “Olduqca kədərli zamanda düşüncələrimiz və dualarımız Kral ailəsi və Britaniya xalqı ilə birlikdədir”.



Xəbərlər  Tarix:   13 Sen 2022 / 14:22


« Əvvəlki xəbər (354 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR