No:408/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycanın beynəlxalq yardım fəaliyyəti qlobal sərgisində təmsil olunmasına dair məlumatı

Azərbaycanın humanitar və beynəlxalq inkişafa yardım sahəsindəki uğurlu fəaliyyətləri Tayland Krallığının paytaxtı Banqkokda keçirilmiş Qlobal Cənub-Cənub İnkişafı Eksposu-2022 adlı beynəlxalq sərgidə tanıdılıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənub-Cənub Əməkdaşlığı Ofisinin (UNOSSC), BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komitəsinin (ESCAP), eləcə də Tayland Beynəlxalq İnkişaf Agentliyinin (TİCA) birgə təşkilatçılığı ilə sözügedən sərgi cari ilin 12-14 sentyabr tarixlərində Banqkok şəhərində keçirilib.

Sərgidə ölkəmizi XİN nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib. Ölkəmizin həyata keçirdiyi beynəlxalq yardım fəaliyyətləri ilə bağlı qurulmuş guşədə iştirakçılara ətraflı məlumatlar təqdim edilib. Bu məqsədlə hazırlanmış fərqli çap məhsulları Azərbaycanın Covid-19 pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələri, bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş mühüm beynəlxalq təşəbbüsləri, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün təsis edilmiş təhsil qrantı proqramlarını, ikitərəfli və çoxtərəfli əsasda həyata keçirilmiş inkişafa yardım fəaliyyətlərini, eləcə də AİDA-nın inkişafa yardımla bağlı müxtəlif istiqamətli beynəlxalq layhələrini əhatə edib.

Sərgi çərçivəsində təşkil olunmuş ESCAP Baş Direktorlar Forumunda çıxış edən AİDA-nın rəisi Elməddin Mehdiyev Azərbaycanın yeni donor ölkəsi kimi əldə etdiyi uğurları və beynəlxalq yardım siyasəti ilə bağlı iştirakçıları məlumatlandırıb. Azərbaycanın qısa zaman çərçivəsində yardım alan dövlətdən yeni donor ölkəsinə çevrildiyi qeyd edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işlərinə baxmayaraq, Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi beynəlxalq yardım fəaliyyətlərini davam etdirdiyi Forum iştirakçılarının diqqətinə çatdırılıb.

Sərgi çərçivəsində AİDA nümayəndə heyəti tərəfindən mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıqları inkişaf etdirmək, eləcə də yeni əməkdaşlıqlar qurulmasını müzakirə etmək məqsədilə bir sıra görüşlər, o cümlədən ESCAP-ın İcraçı Katibi xanım Armida Alisjahbana, BMT Baş Katibinin köməkçisi və BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqram dəstəyi Bürosunun Direktoru Haolianq Şu və TİCA Baş Direktoru Ureerat Chareontoh ikitərəfli görüşlər keçirilib.



Xəbərlər  Tarix:   16 Sen 2022 / 12:06


« Əvvəlki xəbər (325 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR