Dağıstandan gələn “suviner tələsi”- oyuna gəlməmək üçün bu yazını oxuyaq

Son aylarda şimal qonşumuzdan, daha dəqiq desək Dağıstan ərazisindən ölkəmizə gələn qonaqlar və bir çox ticarətçilər özləri ilə Azərbaycana qondarma Ləzgistana aid suvenirlər, “dövlət rəmzləri” və s. əşyalar gətirir. Bu isə gənclər və yeniyetmələr arasında yeni bir fikir çaşqınlığına, yeni meyillərin yaranmasına səbəb olur.
Proses.az bildirir ki, bu, adi görünən suvenirlər əslində, Azərbaycanın birliyinə kölgə salmağa hesablanıb. Bunun ən böyük dəstəkçiləri isə elə ermənilərin özləridir. Cəbhədə qarşımızda diz çökən ermənilər bizə qalib gəlməyin mümkünsüz olduğunu anladıqdan sonra əsl erməni xislətlərini işə salıb, ölkəmizi daxildən parçalamağa, Azərbaycanda yaşayan qardaş xalqları bir-birinə qarşı qoyaraq ölkəmizi zəiflətməyə çalışırlar.
Xatırlatmaq yerinə düşər ki, qondarma ləzgi dövləti yaratmağa çalışan terrorçular 1990-cı ildə Dərbənddə öz terrorçu təşkilatlarını – “Sadval”ı ortaya çıxarmışdılar. Təşkilatın ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına “Ləzgistan” adlı dövlət yaratmaq olmuşdu. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə “Sadval” təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi.
Ermənistan dövləti tərəfindən ələ alınan “Sadval” təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər günahsız insan həlak olmuşdu.
1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti “Sadval”ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi.
Ermənistan tərəfindən “Sadval” terror təşkilatına hər cür silah və maddi dəstəyin göndərilməsi aparılan araşdırmalar əsasında məlum olub. Bütün verilən dəstəklərə baxmayaraq, terror təşkilatı olan “Sadval” öz dönməzliyi ilə seçilən ləzgi xalqından dəstək ala bilmədi. Buna görə də fəaliyyətini dayandırmalı oldu. Təbii ki, onların məqsədlərini həyata keçirə bilməmələrində Azərbaycanın xüsusi xidmət orqanlarının da böyük rolu oldu. Azərbaycan xüsusi xidmət orqanları indi də ayıq-sayıqdır və xırda hadisəni belə geniş şəkildə araşdırır, müvafiq əməliyyat hərəkətlərini icra edir. Buna baxmayaraq düşmənlərimiz də öz məkrli siyasətlərindən əl çəkmirlər.
Ləzgi xalqının sədaqətliliyi, dönməzliyi onlara xas olan əsas keyfiyyətlərdəndir.
Qeyd edək ki ləzgi xalqı əsasən Azərbaycanın şimal bölgəsində və Rusiyanın cənubunda, Dağıstan respublikasında yaşayır. Ləzgilər zəngin mədəniyyətə malik bir xalqdır. Ləzgi xalqı həmişə öz mərdliyi, döyüşkənliyi, vətənpərvərliyi, yüksək mədəniyyəti ilə qonşu xalqlar arasında dərin nüfuz qazanıb.
Azərbaycanda yaşayan digər azsaylı xalqlar kimi ləzgi xalqı da müasir Azərbaycan dövlətinin qurulmasında, dövlətçiliyin möhkəmləndirilməsində yaxından iştirak edib. Həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində ləzgilər fəallıq, qəhrəmanlıq göstəriblər. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi ləzgi xalqının da minlərlə igid oğlu torpaqlarımızın azadlığı uğrunda canından keçib. Bu gün də torpaqlarımızın müdafiəsində digər xalqların nümayəndələri ilə birlikdə minlərlə ləzgi gənci dayanır.
Hesab edirik ki, hər birimiz bu gün Azərbaycan dövlətinin ətrafında daha da sıx birləşməli, ləzgisiylə, talışıyla, udiniylə, saxuruyla, avarıyla, ingiloyuyla, yəhudisiylə və digər xalqlarla birlikdə yumruğu bir nöqtəyə vurmalıyıq. Biz nə qədər bir olsaq, dövlətimiz bir o qədər güclü, dövlətçiliyimiz bir o qədər sarsılmaz olacaq. Azərbaycanın vahid bir ideyası, vahid bir bayrağı və vahid bir məqsədi var – bütöv və güclü Azərbaycan. Azərbaycanı güclü edən də bizim birliyimizdir. Bu birliyin nümunəsini də vətən savaşında gördük. Birləşib bir yumruq olub torpaqlarımızı düşməndən azad etdik.
Ona görə də hesab edirik ki heç bir kənar təsirlərə aldanmamalı, qondarma ideyalardan uzaq durmalı və vahid Azərbaycanın daha da inkişafı üçün çalışmalıyıq.
Elnur Əliyev,



Xəbərlər  Tarix:   20 Sen 2022 / 12:08


« Əvvəlki xəbər (299 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR