“ƏDV geri al” layihəsi nağdsız ödəmələrin əhəmiyyətli artımına səbəb olub

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Biznes ictimaiyyəti və vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.
2020-ci ilin may ayından bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 771 milyondan çox kassa çeki üzrə 319,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-sentyabr ayları ərzində isə 147,2 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Ümumilikdə “ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada olduqda isə 10%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Belə ki, “ƏDV geri al” layihəsi çərçivəsində, 2022-ci ilin 9 ayı üzrə nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 46,2 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,2% çoxdur.
Qeyd edilməlidir ki, nağdsız ödənişlərə keçidin daha da stimullaşdırılması üçün növbəti ildə vergi qanunvericiliyinə dəyişikliklərdə nağdsız ödənişlər üzrə geri qaytarılan vəsaitlərin faiz dərəcəsinin bir qədər də artırılması nəzərdə tutulur.
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 75 mindən çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16,9 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,8 faiz çoxdur.



Xəbərlər  Tarix:   18 Okt 2022 / 10:58


« Əvvəlki xəbər (170 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR