Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçirilib

Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçirilib. Qeyd edək ki, Ağalıya gələn yarış iştirakçlları açılışdan sonra Zəngilan Beynəlxalq Hava Limanına təyyarə ilə yollanan ilk sərnişinlər olublar.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimindən öncə Ağalıda ümummilli lider Heydər Əliyevin büstü qarşısına əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Gənclər və idman naziri Fərid Qayıbov, Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Milli Məclisin deputatı Rauf Əliyev açılışda çıxış ediblər.
Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində keçirilib.
Triatlon yarışında (300 m üzmə, 10 km velosiped sürmə və 2 km qaçış) Toğrul Məmmədli qalib gəlib. Cəfər Məmmədov ikinci, Cəlal Süleymanov isə 3-cü olub. Qadınlar kateqoriyasında Adilə Süleymanova qalib gəlib.
18 yaşadək idmançıların mübarizə apardığı duatlon yarışında (2 km qaçış, 9 km velosiped sürmə, 1 km qaçış) Əli Rzazadə, Teymur Cəfərov və Tamerlan Musayev ilk 3 yeri tutublar. Qızların duatlon yarışında isə Medisa Təsbihi və Milana Xəlilova fərqləniblər.
Təbii ki, turnirin ən maraqlı hissəsi Ağalı kənd orta məktəbinin şagirdləri arasında təşkil edilən yarış olub. Belə ki, 50-dək uşaq 1 km məsafəyə qaçıblar və hər biri medala layiq görülüb.
Qaliblərin mükafatlandırılması mərasimindən sonra Gənclər və İdman Nazirliyi tərəfindən Ağalı kənd orta məktəbinin idman zalında məktəblilər üçün bədii gimnastika, voleybol, həndbol, futbol, basketbol və digər idman növləri üzrə məşğələlər keçirilib, onlar arasında idman mövzusunda maraqlı viktorina təşkil edilib. Qaliblərə, eləcə də tədbirdə iştirak edən bütün məktəblilərə idman ləvazimatları və digər xüsusi hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı ilk yaşayış məntəqəsində birinci idman yarışı kimi də əlamətdar bir hadisədir.



Xəbərlər  Tarix:   24 Okt 2022 / 13:23


« Əvvəlki xəbər (148 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR