Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi ilə bağlı hakimlərlə görüş keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, vətəndaşlara daha asan, rahat və əlçatan xidmətlərin göstərilməsi sahəsində rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə tanış olması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aparılan “e-qanun.az” saytının mobil tətbiqi geniş ictimai təqdimatı keçirilməklə istifadəyə verilib.
Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə mobil “E-qanun”un və digər rəqəmsal yeniliklərin tətbiqi ilə bağlı hakimlərlə görüş keçirilib.
Apelyasiya və birinci instansiya, o cümlədən inzibati və kommersiya məhkəmələrindən 80-ə yaxın hakimin iştirak etdiyi tədbirdə Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı tətbiq olunan elektron informasiya resursları, əhaliyə göstərilən 40-a yaxın elektron, habelə mobil ədliyyə xidmətləri barədə məlumat verib, bu innovasiyaların insanlara məsafədən daha çevik xidmət göstərilməsinə yönəldiyini bildirib.
İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məhkəmə fəaliyyəti barədə geniş ictimaiyyətin məlumatlandırılması üzrə tədbirlərdən bəhs edərək media və vətəndaş cəmiyyəti ilə səmərəli kommunikasiyanın həyata keçirildiyini bildirib. Yeni mobil “E-qanun” və digər innovasiyaların tətbiqi ilə bağlı geniş ictimaiyyət üçün keçirilən ardıcıl tədbirlərə toxunularaq artıq millət vəkilləri, bələdiyyə nümayəndələri, vətəndaş cəmiyyəti və media, habelə ali təhsil müəssisələrində hüquqşünas tələbələr üçün təqdimatların keçirildiyini vurğulayıb, tədbirin hakimlər üçün də faydasını və əhəmiyyətini qeyd edib.
Tədbirdə tətbiq olunan innovasiyaların azad edilmiş ərazilərimizdə səyyar qaydada ədliyyə xidmətlərinin göstərilməsinə imkan yaratdığı, ötən aylarda Zəngilan rayonu Ağalı kəndində və Şuşa şəhərində belə tədbirlərin təşkil edildiyi xüsusi vurğulanıb.
Çıxış edən Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov müasir İKT tətbiq olunmaqla məhkəmə fəaliyyətinin rəqəmsallaşmasının vətəndaşların müraciət imkanlarının genişləndirilməsinə, hakimlərin işinin effektivliyinin artırılmasına xidmət etdiyini bildirib.
Sonra Mobil “E-qanun” tətbiqi, “Elektron məhkəmə” informasiya sisteminə və “Mobil notariat”a əlavə olunmuş yeni funksionallıqlar barədə təqdimatlar nümayiş etdirilib, onların mahiyyəti və ictimai əhəmiyyəti izah olunub.
Məlumat verilib ki, on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” (E-qanun.az) interaktiv rejimdə fəaliyyət göstərərək daim yenilənir. Həmin informasiya resursunun yeni mobil tətbiqi günün istənilən saatında məkana bağlı olmadan kiçik cihazlarda normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. Sadə və asan idarə olunan bu tətbiqdə “e-qanun.az” saytında olan bütün bölmələr və funksiyalar var.
Eyni zamanda, “Elektron məhkəmə” sisteminin funksionallığı artırılaraq sənədləri ani vaxt rejimdə almağa imkan verən aidiyyəti informasiya resurslarına inteqrasiyanın genişləndiyi, “şəxsi elektron kabinet”də, məhkəmə işlərinin idarəetmə sistemində yeni imkanların yaradıldığı qeyd olunub.
Tədbirdə 400 mindən çox istifadəçisi olan “Mobil notariat” tətbiqi vasitəsilə əhaliyə göstərilən xidmətlərin böyük vətəndaş məmnunluğu doğurduğu, bu innovasiyadan ölkəmizdə və onun hüdudlarından kənarda geniş bəhrələnildiyi vurğulanıb, tətbiqin yeni funksionallıqları, o cümlədən bu günlərdə əlavə olunmuş daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamələrin mobil qaydada rəsmiləşdirilməsi imkanları diqqətə çatdırılıb.
Sonda sual-cavab sessiyası keçirilib, hakimləri maraqlandıran praktiki suallara aydınlıq gətirilib, faydalı müzakirələr aparılaraq təqdim olunan innovasiyaların məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmə işlərinin daha çevik və asan idarə olunması baxımından əhəmiyyəti qeyd olunub, təkliflər irəli sürülüb.



Xəbərlər  Tarix:   25 Okt 2022 / 09:55


« Əvvəlki xəbər (135 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR