“Buğda istehsalında ağıllı kənd təsərrüfatı metodlarının mərhələli tətbiqi” layihəsi üzrə müzakirələr aparılıb

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) torpaq, qida maddələri və suvarma suyunun idarə edilməsində qabaqcıl kənd təsərrüfatı metodlarının tətbiqi vasitəsilə ölkə üçün strateji əhəmiyyət kəsb edən taxıl bitkilərinin (buğda və arpa) məhsuldarlığının artırılması istiqamətində beynəlxalq təşkilat, elm və tədqiqat mərkəzləri ilə əməkdaşlığı genişləndirir.
İnstitut tərəfindən “Buğda istehsalında ağıllı kənd təsərrüfatı metodlarının mərhələli tətbiqi” mövzusunda hazırlanmış və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) təqdim edilmiş layihə-təklif bəyənilib və maliyyələşməsinə qərar verilib. Layihə ilə bağlı Pakistanın Azərbaycandakı səfirliyində səfir Bilal Hayee, ikinci katib Moazzaam Sahito ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və beynəlxalq əlaqələr üzrə baş mütəxəssis Yaqub Quliyev arasında görüş keçirilib. Görüşdə yerli və Pakistan mənşəli buğda sortlarının ağıllı kənd təsərrüfatı metodlarının tətbiqi ilə yerli şəraitdə qiymətləndirilməsi və seçilməsi istiqamətində fəaliyyət, həmçinin Pakistan mənşəli buğda sortlarının toxumlarının ölkəyə idxalı məsələləri müzakirə edilib.
Sözügedən layihənin icrası, o cümlədən fermer təsərrüfatlarının seçilməsi, sınaqların sxemi və aparılması, ağıllı kənd təsərrüfatı metodlarını özündə ehtiva edən əməliyyatlarla bağlı məsələlər AEBA-nın məsul nümayəndəsinin iştirakı ilə onlayn formatda keçirilən növbəti iclasda müzakirə edilib. Müzakirələrdə AEBA rəsmisi Mohammad Zaman, ƏETİ-nin direktoru Faiq Xudayev, institutun əməkdaşları və fermerlər iştirak ediblər. Layihə üzrə qarşılıqlı müzakirələr aparılıb.
Layihənin həyata keçirilməsini təmin etmək üçün ƏETİ tərəfindən yumşaq buğdanın “Qırmızı gül 1” və “Ləyaqətli 80” sortlarının Beyləqan, Tərtər, Bərdə, Şəki və Saatlı rayonlarında suvarma şəraitində təcrübə əkininin aparılması razılaşdırılıb. Təcrübə əkinlərinin hər birində 2 ha olmaqla yerli və Pakistan tərəfindən təklif edilmiş müxtəlif becərmə əməliyyatlarının tətbiqi həyata keçiriləcək.



Xəbərlər  Tarix:   25 Okt 2022 / 12:04


« Əvvəlki xəbər (125 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR