Cənub bölgəsində ana və uşaq ölümlərinin azaldılması ilə bağlı layihəyə start verilib


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə Lənkaran şəhərində “Təhlükəsiz analıq” adlı pilot layihənin təqdimatı keçirilib. Cənub bölgəsində ana ölümlərinin qarşısının alınmasına yönəlmiş layihənin təqdimatında Agentlik, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, UNFPA, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri çıxış edərək layihə müddətində görüləcək işlər haqqında məlumat veriblər. Çıxış edənlər əhalinin reproduktiv sağlamlığının qorunması baxımından layihənin əhəmiyyətindən danışıb.
Layihənin birinci mərhələsində doğum və reproduktiv sağlamlıq sahəsində çalışan tibb personalının potensialının artırılması nəzərdə tutulub. Bu məqsədlə UNFPA-nın ekspertləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Lənkəran Regional Perinatal Mərkəzi, Ailə Sağlamlıq Mərkəzlərinin mamalıq və ginekologiya üzrə həkim və orta tibb heyətinə təlimlər keçiriləcək.
Üç mərhələdən ibarət layihə müddətində həmçinin ailə planlaması, arzuolunmayan hamiləliklərə vaxtında müdaxilə və hamiləliyin planlaşdırılması kimi prioritet mövzular üzrə əhali arasında müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılıb.
2023-cü ilin sonunadək davam edəcək layihə çərçivəsində həmçinin ana və uşaq sağlamlığının qorunması ilə bağlı kliniki protokolların və metodik vasitələrin yenilənməsi üçün tövsiyələrin hazırlanması nəzərdə tutulur. Məqsəd qarşısı alına bilən ana və uşaq ölümü hallarının azalmasına nail olmaq və layihəni Azərbaycanın digər regionlarında tətbiq etməkdir.
Qeyd edək ki, cari ilin 21 iyun tarixində Agentlik və UNFPA Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokola əsasən, Azərbaycanda ailə planlaması institutlarının təkmilləşdirilməsi, əhalinin reproduktiv sağlamlıq problemlərinin həlli ilə bağlı birgə fəaliyyətin təşkil edilməsi istiqamətində qarşılıqlı əsaslarla UNFPA və Agentlik arasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.



Xəbərlər  Tarix:   26 Okt 2022 / 12:53


« Əvvəlki xəbər (115 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR