DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun növbəti beynəlxalq uğurları

Dünya Sosial Təminat Forumunda DSMF və DOST Mükəmməllik Sertifikatları ilə təltif ediliblər
Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları növbəti beynəlxalq uğurlara imza ataraq, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən:
Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə,
DOST Agentliyi “Xidmət keyfiyyəti” meyarı üzrə
ümumilikdə üç Mükəmməllik Sertifikatı ilə təltif ediliblər.
150 ölkədən 1000-dən çox nümayəndənin iştirak etdiyi Forumda mükafatlar DSMF sədri Himalay Məmişova və DOST Agentliyinin sədri Fərid Məmmədova təqdim edilib.
Mükəmməllik sertifikatları beynəlxalq müsabiqədə müstəqil ekspertlərin hərtərəfli təhlil və qiymətləndirməsinin yekunu olaraq təqdim olunub. Sertifikatlar DSMF-nin fəaliyyətinin effektiv idarəçilik, xidmətlərin keyfiyyəti üzrə beynəlxalq təlimatlara və əsas prinsiplərə tam cavab verdiyini sübut edir.
Həmçinin DOST xidmətlərinin beynəlxalq standartlar səviyyəsində olduğu və sosial sahədə mühüm innovativ yenilik kimi qəbul edildiyi bildirilib. Ümumilikdə DSMF və DOST Agentliyi BSTA-nın Tanınma Proqramından keçən və proqramı uğurla tamamlayan ilk qurumlardandır.
Ölkəmizin sosial təminat sahəsində tətbiq olunan proaktiv xidmət modeli çərçivəsində çevik və şəffaf rəqəmsal mexanizmlər, gələcəyə hədəflənən innovativ yanaşmalar sözügedən qurumların bu mühüm mükafatlara layiq görülməsini şərtləndirib.
Qeyd edək ki, bundan əvvəl də DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını, DSMF Böyük Britaniyada “iESE – The Public Sector Transformation” Təşkilatının ali mükafatını, habelə hər iki qurum BSTA və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 6 mükafatını alıb.
Beləliklə, hazırki yeni təltiflərlə Nazirliyin bu iki qurumu (DSMF və DOST) üzrə 2022-ci ildə əldə olunan beynəlxalq mükafatların sayı 11-ə çatıb.
BSTA 160 ölkədən 320 sosial sığorta və sosial təminat qurumunu özündə birləşdirən aparıcı beynəlxalq təşkilatdır.



Xəbərlər  Tarix:   26 Okt 2022 / 15:06


« Əvvəlki xəbər (110 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR