Qəzalı vəziyyətdə olan binanın sakinləri veriləcək kompensasiyadan narazıdır - Video, FOTOLAR

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən, aylardır ki, qəzalı vəziyyətdə olan binanın sakinləri yenidən Musavat.com-a müraciət ediblər.
Bina sakinləri qeyd ediblər ki, Musavat.com məsələni qabartdıqdan sonra aidiyyəti orqanlar həmin binaya baxış keçirib, dəyərləndirmə aparıblar. Qərar gəlinib ki, bina sökülməlidir:
"Mətbuatda gedən müraciətimizdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya binamıza baxış keçirdi və qərara gəlindi ki, bina kəskin qəzalı vəziyyətdədir, yaşayış üçün təhlükəlidir. Buna görə də sakinlər təcili köçməli, bina sökülməlidir".
Bina sakinləri qeyd edib ki, bununla belə onlara təklif edilən kompensasiya çox cüzi məbləğdədir, hansı ki, həmin pula paytaxtın digər ərazilərində ev almaq mümkün deyil:
"Onsuz da bu binada yaşamaq hər an faciə ilə üz-üzə qalmaq deməkdir. Binada 16 ailə yaşayır və aralarında körpə uşaqlar da var. Bu səbəbdən biz də binadan təcili köçmək istəyirik. Lakin bizə təklif edilən məbləğ çox cüzidir. Belə ki, mənzillərin hər kvadratmetrinə 1500 manat təklif olunur. Mənzillər azkvadratlı olduğu üçün toplan məbləğ digər ərazilərdə ev almağa yetmir. Hazırda paytaxt Bakıda bizim binanın yerləşdiyi əraziyə uyğun sinif üzrə mənzillərin hər kvadratmetrinə 2000 manatdan başlayan qiymətlər təklif qoyulub.
Bu günlərdə Cavanşir körpüsünün yaxınlığındakı evlərin söküntüsü zamanı sakinlərə 2200 manatdan verildi. Çünki hazırda mənzil bazarında qiymətlər xeyli bahalaşıb. Əsas səbəb də tikinti bazarında qiymətlərin artması ilə bağlıdır. 1500 manat kompensasiya “Sovetski” kimi tanınan məhəllənin söküntüsü zamanı verilirdi. Həmin vaxtdan bu günə qədər tikinti materialları, evlərin ciddi şəkildə bahalaşıb. Belə ki, əgər əvvəllər taxtanın 1 kubmetri 170 manat idisə, hazırda bu məbləğ 470-500 manat arasında dəyişir. Həmçinin digər tikinti materialları, o cümlədən sementin qiymətində də 2 manata qədər bahalaşma var. Bu minvalla bütün tikinti materialları bahalaşıb və mənzil bazarındakı qiymətlərə mühüm təsir göstərib.
Bu baxımdan 1500 manatdan kompensasiya verilməsi biz sakinləri qəti qane etmir. Ona görə də xahiş edirik ki, kompensasiya artırılsın".
Sakinlər bildirdilər ki, onların əldə etdiyi məlumata görə bina sakinlərinin köçürülməsi üçün 1 milyon 680 min manat pul ayrılıb.
Bu barədə sənəd də təqdim etdilər.
Xatırladaq ki, ötən ilin may ayında Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən binanın tavanı uçub. Nəticədə bina qəzalı vəziyyətə düşüb, orada yaşayan sakinlərin həyatı üçün böyük təhlükə yaranıb



Xəbərlər  Tarix:   20 Yan 2023 / 20:54


« Əvvəlki xəbər (24 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR