Müdafiə Sənayesi Nazirliyinin iştirak etdiyi “IDEF-2019” sərgisi başa çatdı

Aprelin 30-da öz işinə başlayan “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisi bu gün başa çatdı.
Türkiyə Respublikası Prezidentinin himayədarlığı və Milli Müdafiə Nazirliyinin təşklatçılığı ilə 1993-ci ildən etibarən iki ildə bir İstanbulda keçirilən “IDEF” beynəlxalq müdafiə sənayesi sərgisi müdafiə, təhlükəsizlik, dənizçilik, aviasiya və kosmos sənayesi sahələrində əhəmiyyətli beynəlxalq təqdimat, marketinq və iş birliyi platforması olmaqla yanaşı, iştirakçı firma və heyət sayı etibarilə dünyanın ən böyük hərbi sənaye sərgilərindən birinə çevrilib. Bu sərgidə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri iştirak edərək öz məhsul və xidmətlərini təqdim edirlər.
Müdafiə Sənayesi Nazirliyi birinci dəfə “IDEF” sərgisinə 2009-cu ildə qatılıb və bu sərgi nazirliyin təmsil olunduğu ilk beynəlxalq sərgi olub. Həmin sərgidə 10 kvadratmetrlik bir guşə ilə təmsil olunan nazirlik “IDEF-2019” sərgisində müxtəlif çeşidli məhsullarını möhtəşəm milli pavilyonda nümayiş etdirdi.
“IDEF-2019” sərgisində 70 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyəti iştirak edirdi. Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu sərgidə iştirak etdi. Milli povilyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “IDEF-2019” sərgisində əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirdi. Nazirliyin nümayiş etdirdiyi məmulatlardan - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar ziyarətçilər tərəfindən maraqla qarşılandı.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi xaricdə keçirilən sərgidə - “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirildi və böyük maraqla qarşılandı. NATO standartlarına uyğun yaradılan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək. Bu məmulat daxili təlabat və eyni zamanda, ixrac üçün nəzərdə tutulur.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmir, Cibutinin müdafiə naziri Əli Həsən Bahdon, Ukraynanın "Ukroboronprom" şirkətinin baş direktoru Pavlo Bukin, Pakistanın “GİDS” şirkətinin icraçı direktoru Tariq Cavaid və sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Qətərin, Bəhreynin nümayəndələri ilə görüşləri keçirildi. Görüşlərdə hərbi-texniki sahədə mövcud əməkdaşlıqların inkişaf etdirilməsi, yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparıldı və ümumi razılıqlar əldə edildi.
Müdafiə Sənayesi Nazirliyinin stendi sərgiyə ev sahibliyi edən qardaş ölkə Türkiyənin milli müdafiə naziri Hülusi Akar, müdafiə sənayesi başqanı İsmayıl Dəmir və eləcə də tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən ziyarət edildi və nümayiş etdirilən hər bir məmulat böyük maraqla izlənildi. Milli pavilyonumuz “IDEF-2019” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri və digər güc qurumlarının nümayəndələri tərəfindən də ziyarət edildi və görüşlər keçirildi.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyi adından Azərbaycan Ordusuna 50 ədəd revolver tipli əl qumbaraatanı hədiyyə edildiyini bildirdi. Hədiyyə olunan əl qumbaraatanlarının nümunəsi general-polkovnik Zakir Həsənova təqdim olundu.
Nazir müavini Yəhya Musayev və nazirliyin nümayəndələri sərgidə iştirak edən ölkələrin stendlərini də ziyarət etdilər, hərbi sənaye sahəsində əldə edilən yeniliklərlə yaxından tanış oldular. Türkiyənin “ASELSAN” şirkətinin stendini ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyi ilə bu şirkət arasındakı mövcud əməkdaşlığın inkişafına dair müzakirələr aparıldı. Əldə olunan razılığa əsasən nazirliyin Elmi-Tədqiqat İnstitutu ilə “ASELSAN” şirkəti arasında protokol imzalandı.
Sərgi çərçivəsində 2020-ci ildə Azərbaycanda keçiriləcək “ADEX-2020“ IV beynəlxalq müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə heyəti tərəfindən ziyarətçilərə geniş məlumat verildi.



Xəbərlər  Tarix:   3 May 2019 / 20:12


« Əvvəlki xəbər (5788 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR