MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 8-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşdü.
Ziyafət Əsgərov Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildirdi. Qeyd etdi ki, ölkələrimiz arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində yaxşı əlaqələr var.
Bildirildi ki, Azərbaycanın və Gürcüstanın geosiyasi mövqeyinə əsasən burada baş verən proseslər Avropada və digər yerlərdə öz nəticəsini göstərir. Azərbaycan karbohidrogen ehtiyatlarını Avropaya Gürcüstan vasitəsilə nəql edir. Bu da hər iki dövlətin əhəmiyyətini olduqca artırır.
Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri diqqətə çatdırdı ki, parlamentlərarası əlaqələr bizim üçün çox mühümdür. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu əlaqələrin inkişafinda fəaldir. Gürcüstan tərəfi də əlaqələrin inkişafı üçün addımlar atır. Gürcüstanın və Azərbaycanın ortaq dəyərləri var. Bizim problemlərimiz də ortaqdır. Bunlardan biri də ərazi bütövlüyü məsələləridir. Bu problemləri bir-birimizə dəstək olaraq həll edə bilərik. Gürcüstanla Azərbaycan müxtəlif iqtisadi layihələrdə birgə iştirak edir. Ölkələrimizin və xalqlarımızın dostluğu sarsılmazdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.



Xəbərlər  Tarix:   8 May 2019 / 15:47


« Əvvəlki xəbər (5700 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR