Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək

Mayın 22-də saat 17.00-da Azərbaycan Xalça Muzeyində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Söz” ədəbi layihəsi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin iştirakı ilə “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək.
“Həyat gözəldir” musiqili-ədəbi gecəsi Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi tərəfindən təşkil olunan bu kimi növbəti, ənənəvi tədbirdir. “Söz” ədəbi layihəsinin məqsədi şeir və nəsrin daha geniş tanıdılması, həmçinin ədəbiyyat sahəsində gənc istedadlara dəstək olmaqdır.
Bununla yanaşı, bu tədbirin qəhrəmanları fiziki məhdudiyyətli və istedadlı insanlardır. Bu layihənin reallaşması üçün başqa bir muzey layihəsi təşkil olunmuşdu. Cari ilin fevral ayında Azərbaycan Xalça Muzeyində “Tarixə və ənənəyə toxunuş” adlı unikal sərgi keçirilmişdi.
Xatırladaq ki, bu sərgidə nümayiş olunan eksponatlarla əllə toxunma, audioyazı, eləcə də Brayl əlifbası ilə hazırlanmış yazılı materiallar vasitəsilə tanış olmaq mümkün idi. Sərgi ilə yanaşı, görməqabiliyyəti zəif olan insanlar üçün muzeydə bir ay ərzində ustad dərsləri təşkil olunmuşdur. Azərbaycan Xalça Muzeyinin Ənənəvi Texnologiya şöbəsinin əməkdaşları onlara xalça toxumağı və eskiz hazırlamağı öyrətmişdir.
Bundan başqa, tədbirdə həyata keçiriləcək yeni layihələr elan ediləcək, eləcə də iştirakçıların hazırladıqları rəngkarlıq, qrafik və dekorativ-tətbiqi işlər sərgidə təqdim olunacaq. Proqramın əsas hissəsini vokal və instrumental nömrələrdən ibarət konsert və layihə iştirakçılarının poetik əsərlərinin qiraəti təşkil edəcək.
Azərbaycan Yazıçılar İttifaqının üzvü, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadənin qeyd etdiyi kimi, “Həyat gözəldir” musiqili-ədəbi gecəsi potensial xeyriyyəçilərin diqqətini cəlb etmək məqsədi ilə əlilliyi olan insanlar da daxil olmaqla gənc müəlliflərin yaradıcı təşəbbüslərinin dəstəklənməsi üçün nəzərdə tutulub.
"Biz bu insanların-musiqiçi, müğənni rəssam, tətbiqi sənət ustası və yazıçıların hərtərəfli istedadlarını ictimaiyyətə göstərmək istəyirik. Onlar özlərini ifadə etməyə layiq olan işıqlı, parlaq şəxsiyyətlərdir. Ümid edirik ki, “Söz” layihəsi ilə bu istiqamətdə birgə fəaliyyətimiz onların taleyində həlledici rol oynayacaq" – deyə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib.



Xəbərlər  Tarix:   21 May 2019 / 23:55


« Əvvəlki xəbər (5546 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR