HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

İyunun 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, iclasda məhkəmə-hüquq islahatlarının yeni mərhələsi ilə bağlı bir sıra vacib qanun layihələri birinci oxunuşda müzakirə olunacaq.
Diqqətə çatdırıldı ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu yaxınlarda “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalanıb. Fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına rəvac verdi və bu sahədə islahatların daha da dərinləşdirilməsini zəruri etdi. Fərmanın vacib məqamlarından biri 3.1-ci maddə idi. Burada sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşdırılmış məhkəmənin yaradılması ilə bağlı məsələ qoyulmuşdur. Məqsəd sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etməkdən ibarət idi. Müzakirəyə təqdim olunmuş layihələr məhz bu tövsiyələrin icrası ilə bağlıdır.
Sonra qanun layihələrinin mahiyyəti barədə məlumat verildi. Bildirildi ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna yeni “Kommersiya məhkəmələri” adlı VIII-I fəsil əlavə olunur. Burada Kommersiya məhkəməsi və onun səlahiyyətləri, Kommersiya məhkəməsinin təşkili, tərkibi, məhkəmə sədrinin, sədr müavininin səlahiyyətləri kimi məsələlər təsbit olunub. Əlavədə deyilir ki, Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Eyni zamanda, məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunla ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Qeyd edilir ki, Kommersiya məhkəməsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. Kommersiya məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Qanuna edilən digər düzəlişlərə əsasən, 53 və 62-ci maddələrin birinci hissələrində “inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan” sözləri “inzibati kollegiyadan, kommersiya kollegiyasından və cinayət kollegiyasından” sözləri ilə əvəz edilir. 61 və 77-ci maddələrin birinci hissələrində “və iqtisadi mübahisələrə” sözləri “mübahisələrə və kommersiya mübahisələrinə” sözləri ilə əvəz edilir. 78-ci maddənin üçüncü hissəsində “inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya” sözləri “inzibati kollegiya, kommersiya kollegiyası və cinayət kollegiyası” sözləri ilə əvəz olunur. Eyni zamanda, qanunun 83-cü maddəsinə edilən əlavəyə görə, Ali Məhkəmənin sədri aidiyyətə dair mübahisələrə baxılması üçün Ali Məhkəmənin müvafiq kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibləri müəyyən edir.
Mülki Prosessual Məcəllədəki dəyişikliklərə dair bildirildi ki, sənədin 26-cı maddəsi yeni redaksiyada verilib. Bu maddədə mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti ilə bağlı məsələlər təsbit edilir. Qeyd olunur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri, habelə, Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə, qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
İclasda yuxarıda göstərilən sənədlərdə, həmçinin, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Prosessual Məcəlləsində təklif olunan uyğunlaşdırma xarakterli dəyişikliklər də nəzərdən keçirildi.
Tədbirin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   4 İyun 2019 / 23:48


« Əvvəlki xəbər (5447 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR