Vətəndaşın su çəni ilə bağlı bizə müraciəti

Vətəndaşın su çəni ilə bağlı bizə müraciəti
Redaksiyamıza ünvanlanan məktubda vətəndaş Arzu xanim su çənlərinin yığışdırılması göstərişinin onlara əks təsir göstərdiyinİ, sakinlərin əsəblərilə oynanıldığını açıq aydın yazıb. Məktubda bildirilir ki, Mənzil İstismar Sahəsinin əməkdaşı Naxçivanski 69-da yaşayan bütün sakinlərdən su çəninin düşürülməsi üçün 50 manatların yığılması tələbini irəli sürüb. Burdakı tələb ondan ibarətdir ki, kim çənin düşürülməsi üçün 50 manat veribsə, onun çənini düşürüb özünə qaytarıblar. Hansı sakin 50 manat pulunun olmadığını bildiribsə, onun çənini qaldırıcı kran vasitəsilə aşağı düşürüb Mənzil İstismar Sahəsinin balansına aparıblar. Qeyd edək ki, vətəndaş Arzu Hüseynova təzə su çənini 500 AZN-ə alıb və həmçinin, MKİS əməkdaşına bildirib ki, 50 manat pulu verməyəcək. Bundan hiddətlənən MKİS(JEK) əməkdaşı vətəndaş A.Hüseynovanın su çənini onun etirazına baxmayaraq götürüb aparıb. Və yalnız 50 manatı verdiyi təqdirdə öz çənini geri ala biləcəyini deyib. MKİS əməkdaşı gedərkən A.Hüseynovaya bildirib: “Get, kimə istəyirsən şikayət elə”. Maraqlıdır ki, JEK işçisi vətəndaşa belə cavab verdiyinə görə kimə arxayındır? Onun arxasında kimlər dayanır? Sən kimsən axı, vətəndaşa belə söz deyirsən?!
Məsələnin acınacaqlı tərəfi burasındadır ki, Arzu xanımdan götürülən və dəyəri 500 AZN olan su çəni yoxa çıxarılıb. Onu gördüm deyən yoxdur. Arzu xanım isə, haqlı olaraq, öz hesabına aldığı su çənini geri istəyir. Bu hal təkcə, Arzu xanımın deyil, Nizami rayonu, Naxçivanski 69-da yaşayan bütün sakinlərə öz təsirini göstərib. Əməkdaşımız həmin əraziyə baxış keçirib və sakinlər hadisəni təfərrüatı ilə təsdiqləyiblər. Qeyd edək ki, sakinlərin demək olar, əksəriyyətinə külli miqdarda ziyan dəyib. Yəni, 50 manat pulu verməkdən imtina edən sakinlərin 300, 400, 500 manata aldığı çənlərini əllərindən alıblar. Bu qədər çənlər hara olub?!
Qarşı tərəfin mövqeyini öyrənmək üçün əməkdaşımız Leyla Səttarlı Mənzil Kommunal Təsərrüfat Birliyinin idarəsində olub. Əməkdaşımızın iki gün təpik döydüyü idarədə onu saymazyana və laqeyd qarşılayan MKTB-nin sədri Ramsin Abdullayev məsələyə öz mövqeyini bildirməkdən yayınıb. O sadəcə iki cümlə ilə vəzifəsini bitmiş hesab edib. Əvvəlcə məsələdən bixəbər olduğunu vurğulayan Abdullayev, sonradan, çənləri düşürmək üçün sakinlərin könüllü pul verdiklərini bildirib. Əgər Abdullayevin fikirləri doğrudursa, niyə sakinlər bizim mediaya məktub ünvanlayır, niyə öz çənlərini tələb edirlər?! Maraqlı və təəccüblü gələn odur ki, hər dövlət orqanı vəzifəsindən sui-istifadə etmək əvəzinə, xalqın xidmətinə dayansa, daha təqdirəlayiq olmazdımı?! Sadə insanlardan sui-istifadə etmək, onların əsəblərilə oynamaq hansı qanunda göstərilib? Harada görünüb ki, vətəndaşın öz məvacibinə aldığı hər hansı əşya mənzil istismar sahəsi tərəfindən əlindən alınmalıdır? Dövlətin elə bir qurumu, elə bir idarəsi yoxdurmu ki, onların işinə nəzarət eləsin?!
Ugurmedianın iş prinsiplərindən birini də vətəndaşların problemlərini qanuni yolla həll etmək təşkil edir. Bunun üçün mediamız üzərinə düşən hər bir addımı atmağa hazırdır. Dövlətimiz və prezidentimizin də xalqımızın xidmətinə dayandığı bir dövlətdə, sadə xalqın hisslərilə oynamağa heç kimin ixtiyarı yoxdur! Heç bir dövlət orqanı və ya dövlət rəsmisi prezidentimizdən nə güclü, nə də, səlahiyyətli deyil! Prezidentimizin siyasətinə kölgə salan bütün qurumlara qarşı Ugurmedia olaraq, həmişə mübarizə aparmağı özümüzə borc bilirik. Arzu Hüseynova kimi sakinlərdən alınan su çənləri satılaraq kimlərin cibinə gedir? Ramsin Abdullayevin vurğuladığı kimi, “pulları sakinlər könüllü veriblər” prinsipi doğrudursa, niyə sadə camaat bu qədər əziyyətlə üzləşib? Hansı dövlət qurumu, hansı idarə pul yığılması ilə bağlı göstəriş verib? Qarşı tərəfin mövqeyini öyrənmək istəyən jurnalisti qapı arxasında saatlarla gözlədən, kütləvi informasiya nümayəndəsinə qarşı saymazyana davranan, əməkdaşın iki gün MKT Birliyinə getməsinə rəğmən, Ramsin Abdullayevin qəbuluna güc-bəla ilə düşən əməkdaşımıza müsahibə vermək istəməyən, media işçisinə heç 10 dəqiqə zamanını ayırmayan və iclas bəhanəsilə otağı tərk edən Birlik sədri kimə və hansı dövlət məmuruna bu qədər arxayındır?! Arxasında hansı məmur dayanır ki, o, sadə insanların əsəblərilə bu qədər oynayır və onların şikayətini təmin etmir.
Üzümüzü prezident İlham Əliyevə tutub şəxsən bu qurumla bağlı məsələnin araşdırılmasını xahiş edirik. Həmin dövlət qurumuna qarşı görülən ciddi tədbirlər Ugurmediada işıqlandırılacaq və bütün qurumlara örnək olacaq! Mənzil Komunal Təsərrüfat Birliyi və Ramsin Abdullayevin arxasında hansı dövlət məmurunun dayanmasından asılı olmayaraq, əgər bu qurumla bağlı heç bir tədbir görülməzsə, cənab prezidentimiz İlham Əliyev cənablarına və xanım Mehriban Əliyevaya müraciət edəcəyik!
Ugurmedia yayım və informasiya agentliyinin təsisçisi və baş redaktoru Tərlan Abbasov



Uğurlarımız  Tarix:   7 İyun 2019 / 14:21


« Əvvəlki xəbər (5436 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR