Baş Nazir Novruz Məmmədov Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransında iştirak edib

İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı keçirilib.
Konfransın açılış mərasimində Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub və açılış nitqi ilə çıxış edib.
Baş Nazir Novruz Məmmədovun çıxışının tam mətni:
Hörmətli Ümumdünya Gömrük Təşkilatının Baş katibi cənab Kunio Mikuriya,
Hörmətli tədbir iştirakçıları,
Xanımlar və cənablar,
Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və İnnovasiyalar Konfransında Sizin hamınızı salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bugünkü tədbirdə Siz - gömrük orqanlarının, sərhəd idarəçiliyi üzrə qurumların, işgüzar dairələrin nümayəndələri birlikdə gömrük işinin müxtəlif mövzularına həsr olunan aktual strateji yanaşmalarla bağlı müzakirələr aparacaqsınız. Konfransda sərhəd idarəçiliyinin, beynəlxalq ticarətin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsi kimi vacib məsələlər müzakirə olunacaqdır.
Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin ölkəmizin paytaxtında yerləşməsi, eləcə də Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu üzrə Sədr müavini vəzifəsinə seçilməsi əməkdaşlığımızın yüksək səviyyəsini göstərir.
Ümumdünya Gömrük Təşkilatının bu mötəbər tədbirinin Bakı şəhərində keçirilməsi təqdirəlayiq haldır. Bakı son illər mədəniyyət, sivilizasiyalar arası dialoq, idman, energetika, nəqliyyat və digər müxtəlif sahələrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Buna görə bu konfransın Bakıda keçirilməsi də ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazandığı xüsusi etimadın göstəricisidir.
Azərbaycan Respublikası əlverişli coğrafi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin və informasiya magistrallarının kəsişdiyi məkanda yerləşir. Son illər respublikamız bu sahədə öz rəqabət qabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, regionda və ölkə daxilində irimiqyaslı infrastruktur layihələri həyata keçirir.
2008-ci ildən etibarən Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı işlərə başlanılmışdır. Artıq Azərbaycan müxtəlif təyinatlı 3 peykini orbitə çıxarıb və dünyanın kosmik ölkələr klubunun üzvüdür.
2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən diqqətin əyani təsdiqidir.
Dövlət orqanlarında, o cümlədən gömrük sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə idarəçiliyin təkmilləşdirilməsi Azərbaycan üçün əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin, rəqəmsal iqtisadiyyatın, elektron kommersiya və data-mərkəzlərinin, texnoloji parkların, biznes inkubatorların yaradılması, informasiya təhlükəsizliyinin təmini istiqamətində mühüm addımlar atılmışdır.
Hörmətli qonaqlar, Sizi Azərbaycanda bir daha salamlayır və Konfransın işinə uğurlar arzulayıram.



Xəbərlər  Tarix:   12 İyun 2019 / 23:41


« Əvvəlki xəbər (5405 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR