ÜZÜMLÜKLƏRDƏ AQRO TEXNİKİ TƏDBİRLƏR NƏ ÜÇÜN LAZIMDIR?-FERMERLƏRƏ TÖVSİYƏ

May ayında aparılan aqrotexniki tədbirlər iyunda dağlıq və dağətəyi rayonlarda da aparılır. Çünki, həmin bölgələrdə tumurcuqların açılması, tənəyin çiçəkləməsi aran zonalara nisbətən gec başlayır (10-15 gün). Ona görə də may ayının ortaları və axırlarında aparılan bir sıra tədbirlər, o cümlədən üzümlüklərdə torpağı yumşaq və alaq otlarından təmiz vəziyyətdə saxlamaq üçün cərgələrarası və cərgələrdə yumşaltma aparılır.Tənəklərin katarovkası başa çatdırılır. Tənəyin ştambı və qolları üzərində yaşıl zoğların uzunluğu 8-10 sm-ə çatdıqda haramı zoğların vurulması, artıq yaşıl hissələrin qoparılması işi aparılır. Yaşıl zoğların üzərində çiçək qrupları göründükdə, yəni birinci yaşıl əməliyyatdan təxminən 10 gün sonra çiliklər və bar zoğları üzərində ikinci dəfə yaşıl zoğların bağlanması işi aparılır. Çiçəklərin tökülməsinin qarşısını almaq üçün çiçəkləməyə bir neçə gün qalmış zoğların ucları qoparılır və birinci yaşıl bağlama aparılır. Zoğ uclarının vurulması zamanı gələcək bar zoğlarının uclarının qoparılması vacib deyil. Bu əməliyyatlardan sonra yaşıl bağlama işi davam etdirilir. Profilaktiki dərmanlama işləri iyun ayında dağlıq bölgələrdə davam etdirilir. Eləcə də, yaşıl əməliyyatlar, əlavə tozlandırma və suvarma işləri davam etdirilir.
Suvarmadan və yağmurlardan sonra torpaqda hiqroskopik nəmliyi saxlamaq, torpaqdakı kapilyarlığı pozmaq üçün cərgə və bitki araları 12-15 sm dərinlikdə yumşaldılır.
Üzümlüklərdə yemləmə, suvarma, xəstəlik (mildiu, oidium, antraknoz) və zərərvericilərə (gilə qurdu) qarşı mübarizə işləri 10-14 gündən bir təkrarlanır. Üzümdə giləqurdu tırtıllarına və tor gənəciyinə qarşı mübarizə davam etdirilir. Tor gənəciyinin zəhərli kimyəvi maddələrə tez uyğunlaşmasını nəzərə alaraq tətbiq olunan preparatlar növbə ilə işlədilməlidir. Birinci çiləmə zamanı məhv olmayan yumurtalardan çıxan cavan gənəciklərə qarşı müalicənin səmərəli olması üçün bu tədbirdən 8-10 gün sonra ikinci və bundan 2-3 həftə sonra üçüncü çiləmə aparılmalıdır. Giləqurduna qarşı mübarizə aparmaq üçün kəpənəklərin kütləvi uçuşu təyin edildikdən sonra müvafiq insektisidlərdən (Super takmetrin, Arrivo, Fastak, Supermetrin 0,35-0,50 l/ha dozasında və s.) istifadə edilərək mübarizə aparılır. Bundan başqa, Poliqor, Nugor, Priban-4, Alban-4, Drusban-4 insektisidlərindən 2,0-2,5 l/ha dozası ilə mübarizə aparıla bilər.
Giləqurduna qarşı istifadə edilən insektisidlər mildiu, oidiuma qarşı və kökdənkənar yemləmə kimi istifadə edilən bir çox funqisid və mikrogübrələrlə də qarışdıla bilər. Bu həm işin səmərəsini yüksəldir, çiləmələrin sayı azalır və çiləməyə çəlikən əlavə xərclərin qarşısını alınır. Bunun üçün Üzümçülük və Şərabçılıq ET İnstitutunun sınaqdan keçirdiyi kompleks mübarizə üsulundan istifadə etmək olar. Belə ki, Ridomil 2.5 kq/ha+ Kumulus 5.0 kq/ha + Super Takimetrin 0.35 l/ha+Super Heksal, yaxud Elifer Kombi, Razormin 2.0 l/ha qarışığından istifadə etmək məqsədəuyğundur.
İyunun ikinci yarısında çiçəkləmədən sonra biclər qoparılır, yaşıl zoğların ikinci dəfə bağlanması aparılır. Artıq yaşıl zoğlar qoparılaraq qozalama fazasında havalanmanın yaxşı getməsi üçün tədbirlər görülməlidir.
Dağlıq və dağatəyi üzümlüklərdə may ayının axırları və iyun ayının əvvələrində çiçəkləmə dövrlərində müşahidə edilən güclü və isti küləklər, intensiv davam edən yağışlar, aşağı (15ºC-dən aşağı) və yüksək temperatur (30ºC-dən yuxarı), həddən artıq günəş işığı ilə işıqlanma və digər hallar çiçəkləmənin və mayalanmanın normal getməsinə mənfi təsir edir, göbələk xəstəliklərinin güclü inkişafına münbit şərait yaradır və sonda məhsuldarlıq kəskin aşağı düşür.
Buna görə aşağıdakı tədbirlərin görülməsi vacibdir:

Çiçəkləmə dövrü diqqətlə izlənilməli, bu dövrün davametmə müddətini qısaltmaq və mayalanmanı sürətləndirmək üçün yaşıl əməliyyat vaxtında və qaydasında aparılmalı;
Çiçəkləmə dönəmində tozcuqların inkişafı və tozlanmanın sürətli getməsi üçün toz kükürddən istifadə edilməsi məqsədəuyğundur;
Çiçəkləmədən əvvəl bir sıra preparatlardan (Buton-2, Novosil, Tur və s.) istifadə olunması çiçəkləməni sürətləndirir, meyvətutumunu artırır, stres amillərini aradan qaldırır.
Çiçəkləməyə 1-3 həftə qalmış üzümlərə tərkibində sink və bor mikroelementləri olan (məsələn, Sink sulfat, xelatlı sink, Mebor-5 və s.) gübrələrlə çiləmələr aparmaq məsləhətdir.
Vüqar Səlimov
Aqrar elmlər üzrə elmlər doktoru



Xəbərlər  Tarix:   13 İyun 2019 / 00:39


« Əvvəlki xəbər (5398 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR