AZƏRBAYCAN-BOLQARISTAN ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Xalq Məclisinin Sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonağı salamlayan Milli Məclisin sədri bildirdi ki, Azərbaycanla Bolqarıstan arasında əlaqələrin dərin kökləri var. Hələ Sovetlər birliyinin dağılmasına qədər iki ölkə arasında elm, mədəniyyət və təhsil sahəsində sıx əlaqələr qurulmuşdu. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra bu münasibətlər daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Ölkələrimiz arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Siyasi əlaqələrimizin inkişafında dövlət başçılarımızın və onların qarşılıqlı səfərlərinin mühüm rolu var. Prezident İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana səfəri zamanı imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” qarşılıqlı əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.
Hazırda Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam edir. Ticarət dövriyyəmizi daha da artırmaq üçün geniş potensial mövcuddur.
Sədr bildirdi ki, bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edirlər. Bolqarıstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olan “Cənub qaz dəhlizi”nin iştirakçısıdır. Azərbaycan Bolqarıstan vasitəsilə Avropaya enerji daşıyıcıları təchizatı ilə bağlı layihələri inkişaf etdirmək niyyətindədir.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən xanım Tsveta Karayançeva iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi. Söhbət zamanı təhsil, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıldı. Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığı yüksək qiymətləndirildi, parlamentlərarası dostluq qruplarının fəaliyyətlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulandı.
Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, hər iki ölkənin səfirləri Nərgiz Qurbanova, Nikolay Yankov və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   20 İyun 2019 / 23:57


« Əvvəlki xəbər (5392 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR