Şəkidə “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında konfrans keçirilib

Terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda təzahür edən, daha hədələyici miqyas alan ciddi təhdidlərdən biridir. Terror aktları insan tələfatı ilə nəticələnir, böyük insan kütlələrinə güclü psixoloji təzyiq göstərir, maddi və mənəvi dəyərləri məhv edir, dövlətlər arasında nifaq salır, müharibələrə, sosial və milli qruplar arasında inamsızlığın və nifrətin yaranmasına səbəb olur. Terrorçuluqla mübarizədə xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də yaxından iştirakı və rolu danılmazdır.
Bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə iyunun 27-də Şəki şəhərində keçirilən “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında elmi-praktik konfransda səsləndirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Şəki şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri, həmçinin gənclər və qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının da xatirəsi ehtiramla yad olunub.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
DTX BATM-in rəisi Rəşad Camalov tədbiri açaraq, konfransın məqsədi barədə ətraflı məlumat verib. Terrorçuluğun doğurduğu təhlükələrə qarşı mübarizədə cəmiyyətin bütün üzvlərinin yaxından iştirakının vacibliyini vurğulayan Mərkəz rəisi regionlarda davamlı olaraq keçirilən belə konfransların əsas məqsədinin təhlükəsizlik fəaliyyətinin təmin olunmasının müxtəlif sahələri ilə bağlı vətəndaşların, xüsusilə gənc nəslin maarifləndirilməsi və bu işdə onların rolunun artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, dövlətin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycanın təhlükəsizlik orqanları dövlətçilik maraqlarının və təhlükəsizliyin etibarlı qorunmasında mühüm rol oynayır. İndi müstəqil Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilib.
Konfransda DTX-nin əməkdaşı Tural Məmmədov “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” mövzusunda geniş məruzə edib. Məruzəçi slaydlardan istifadə etməklə müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, həmçinin terrorizmin beynəlxalq coğrafiyası, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyillərlə üzləşmək və sair təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Gənclər dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir. Ermənistan tərəfindən ölkəmizə qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib, 2 mindən artıq mülki şəxs ölüb və əlil olub.
Sonra məruzəçi xarici xüsusi xidmət orqanlarının informasiya toplama üsulları, onların sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya, separatçılıq anlayışı, erməni terrorunun acı nəticələri, terrorçuluqla mübarizə üzrə ictimai təmasların əhəmiyyəti, DTX tərəfindən respublikanın hüquq mühafizə və digər aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirilən əməliyyat tədbirlərinin konkret nəticələri barədə geniş məlumat verib.
Konfransda DTX-nin əməkdaşı Azər Əfəndiyev “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın qarşılaşdığı ciddi və daha təhlükəli problemlərdəndir.
Diqqətə çatdırılıb ki, son illər dövlətimiz tərəfindən ölkədə yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidir. Çünki düzgün və sistemli təbliğat işinin aparılmaması cəmiyyətdə ayrı-seçkiliyə və gənclərin yanlış istiqamətdə formalaşmasına gətirib çıxara bilər.
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət göstərirlər.
Çıxışlardan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edən film nümayiş etdirilib. Filmdə istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan təhlükəsizlik orqanlarının ölkəmizin milli maraqlarına xidmət edən qurum kimi formalaşmasında, struktur bölmələrinin təkmilləşdirilməsində, kadr potensialının azərbaycanlılaşdırılması və gücləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu və misilsiz xidmətləri xüsusi qeyd olunub.
Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu yeni tələblərə uyğun olaraq uğurla davam etdirir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təzyiqlərdən qorumaq məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin tələblərinə uyğun səviyyədə inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılıb, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatların aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir.
Sonda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov əhalinin, xüsusilə gənclərin maarifləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.



Xəbərlər  Tarix:   28 İyun 2019 / 00:42


« Əvvəlki xəbər (5324 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR