I Respublika Sənətkarlıq Festivalı keçiriləcək

2019-cu ilin 3-7 iyul tarixində ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcəkdir. Festival UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalın tərəfdaşları “I Love Baku” şəbəkəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyasının “Azəripək” MMC-si, Səbail Rayon İcra Hakimiyyəti, “ABAD”, Yasamal Rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi və “Libraff” mağazalar şəbəkəsidir. Festivalın informasiya dəstəyi isə Azərtac, Trend, Apa, Milli.az, Day.az və Azernews informasiya agentlikləridir.
Festivalda respublikamızın paytaxt və regionlardan olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilmişdir. Festival beynəlxalq təcrübə nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda Nizami küçəsində təşkil ediləcəkdir. Tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı örtüklü, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılacaqdır. Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilmişdir. Tədbirin keçiriləcəyi ərazidə informasiya-məlumat mərkəzləri yaradılacaqdır. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcəkdir (Milli Kitabxanada). Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdilməsi məqsədilə “master club” qurulacaq və ustad dərsləri təşkil ediləcəkdir. Yeni əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılacaqdır. Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə ediləcəkdir. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdiriləcək və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləsini formalaşdıracaqdır. Beləliklə Festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və s. ilə tanış olacaqlar. Festival barədə kitabçalar və kataloqlar nəşr olunacaq, iştirakçılar diplomlarla təltif ediləcəklər. Festival hər gün saat 9:00-21:00 arası keçiriləcəkdir. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində - hər gün saat 19:30-20:30 arası konsert proqramı təşkil olunacaqdır. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına köməklik göstəriləcəkdir.
Qeyd edirik ki, I Respublika Sənətkarlıq Festivalının açılış mərasimi 2019-cu ilin 3 iyul tarixində saat 19:00-da baş tutacaqdır.



Xəbərlər  Tarix:   2 İyul 2019 / 13:35


« Əvvəlki xəbər (5303 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR