AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ HƏMMƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ OLDU

İyulun 4-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşdülər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq Azərbaycanla qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışdı. Bildirildi ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb. Qeyd edildi ki, əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır.
Səməd Seyidov ölkəmizdə son dövrdə bütün sahələrdə həyata keçirilən islahatlardan söhbət açdı. Parlamentin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı qanunvericilik bazasınını təkmilləşdirilməsi prosesi aktiv surətdə həyata keçirilir və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının iclasları hələ davam edir. Qeyd edildi ki, ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır. Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir. O, AŞPA-da təmsil olunan deputatlarımızın qurumun bütün tədbirlərində səmərəli fəaliyyəti barədə də danışdı.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak səmimi görüş üçün minnətdarlığını söylədi. Azərbaycan dövlətinin son illərdə yüksək templə inkişaf etdiyindən məmnunluğunu bildirdi. O, tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini dedi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak edirdilər.

* * *
Həmin gün Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri də AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşdülər.
Görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iştirak edirdilər.
YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq bu cür görüşlərin fikir mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu söylədi. Qeyd edildi ki, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Deputatlarımız təşkilatın keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak edir, qurum çərçivəsində müzakirəyə çıxarılan məsələlərə obyektiv münasibət bildirirlər.
Görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri barədə məlumat verdilər, qanun yaradıcılığı prosesində aktiv iştirak etdiklərini söylədilər.
Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqladılar.
AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmmərzəçisi Stefan Şennak səmimi qəbul üçün minnətdarlığını bildirərək, səfər çərçivəsində keçirdiyi görüşlərdən və apardıqları danışıqlardan bəhs etdi. Bildirildi ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və ölkəmizlə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.
Söhbətdə Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesinin gedişi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə deputat, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   4 İyul 2019 / 22:08


« Əvvəlki xəbər (5300 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR