AZƏRBAYCANDA İLK DƏFƏ ZƏRDAB RAYONUNDA YAY BARAMASININ TƏHVİLİNƏ BAŞLANILDI

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların
sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin
bütün bölgələri kimi Zərdab rayonunda da xeyli iş görülmüşdür. Son 10 ildə
rayon üzrə istehsal olunmuş məhsul və xidmətlərin cəmi 3,2 dəfə artmışdır.
Taxıl, pambıq, çəltik, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsulları
istehsalı sahəsində yüksək nəticələr əldə edilmişdir.
Respublika Prezidentinin 2017-ci ilin 27 noyabr tarixli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası
istiqamətində rayonda həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq
sahəsində yüksək nəticələr əldə edilmişdir. 2016-cı ildə 5710 kq barama
tədarük olunduğu halda 2019-cu ildə bu göstərici 11,4 dəfə artaraq 65 ton
321 kq-a çatmış, 4 minə yaxın əhali mövsümü işlə təmin edilmişdir. Barama
tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək
göstəricilərə nail olmuşdur.
Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə
olan marağını nəzərə alaraq Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü
ilə Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə
300 qutu barama qurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya
olunmuş, 26.06.2019-cu il tarixdə rayona gətirilmişdir.
Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər Li Qilyanqın, Su
Tinqunun, Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri İmran Cümşüdovun,
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin, Aqrar elmlər üzrə fəlsəfə
doktoru Qafar Məmmədovun iştirakı ilə rayon icra hakimiyyətində “Yay
mövsümündə barama qurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda
kümçülərlə görüş keçirilmiş, tədbirin sonunda 300 qutu barama qurdu
pulsuz olaraq onlara paylanılmış, bu işlərə min nəfərdən çox rayon sakini
cəlb edilmişdir.
Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə barama qurdunun
saxlanılması Zərdab rayonunda həyata keçirilmiş, hətta 32-35 dərəcə
temperaturda belə yay yemləməsi uğurla başa çatmışdır. Bəzi kümçülərin
barama qurdunun yay yemləməsi 18-22-ci gün başa çatmış, ipəkqurdunun
70 faizi barama sarımağa başlamışdır. İsaqbağı kəndində Şahvələd
Bayramovun götürdüyü 19 qram barama qurdunun yay yemləməsi 18-ci
gün, Əlvənd kəndində Mənsur İbrahimovun götürdüyü 57 qram barama
qurdunun yay yemləməsi isə 22-ci gün başa çatmış və barama sarımağa
başlamışdır. Hər iki kümçü 22 iyul 2019-cu il tarixdə barama yığımına
başlamışdır. Rayon ərazisində belə kümçülərin sayı onlarladır.
Mütəxəssislərin ilkin proqnozlarına görə ikinci mərhələdə rayon üzrə
paylanılmış barama qurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir.
24 iyul 2019-cu il tarixdən yay baramasının təhvilinə başlanılmışdır. təhvilin
ilk iki günündə 1 tondan çox barama tədarük edilmişdir.



Öz xəbərlərimiz  Tarix:   28 İyul 2019 / 18:07


« Əvvəlki xəbər (5172 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR