Uğurmedianın Leyla Əliyeva ilə müsahibəsi .

Gürcüstanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, elminin təbliğində, dünyaya tanıdılmasında M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rolu çox böyükdür.Muzeyin proritet məqsədi bütövlükdə Azərbaycanı təbliğ etməkdir və bu məqsədə nail olmaq üçün hər gün yeni-yeni layihələrə imza atılır.Muzeyin direktoru layihələrin həyata keçirilməsində birbaşa əməyi və rolu olan , Gürcüstanda yaşayan azərbaycanlı ziyalı Leyla Əliyevadır.Leyla xanımla görüşüb söhbət edərkən onun peşəkar olmağı ilə yanaşı bütün insani keyfiyyətləri özündə cəmləyən bir şəxsiyyət olduğunun şahidi olduq.Leyla xanım işgüzarlığı ,peşəkarlığı və eyni zamanda nurani və mehriban xarakteri ilə Gürcüstanda çox hörmət edilən və seçilən azərbaycanlı kimi tanınır.
-Leyla xanım, ilk öncə özünüz haqda məlumat verməyinizi istərdik.
– 1948-ci ilin mart ayında Tiflis şəhərində dünyaya göz açmışam. Tiflis şəhərinin 65 nömrəli orta məktəbini Qırmızı diplomla bitirdikdən sonra 1972-ci ildə Gürcüstanın Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişəm.
2000-ci ildə isə Humanitar Universitetin Filologiya fakültəsinin gürcü dili və ədəbiyyatı bölməsini bitirmişəm.
2000-ci ildən qeyri-dövlət təşkilatının sədri vəzifəsində çalışmışam və təşkilatın adından ikidilli qəzetin baş redaktoru olmuşam. O dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar üçün ölkədə gedən prosesləri qəzet vasitəsilə çatdırmaq çox vacib idi. Buna görə də qəzet oxuculara pulsuz paylanılırdı.
2008-ci ilin may ayında Gürcüstan dövlətinin istəyi və Gürcüstanın Mədəniyyət Nazirliyinin qərarı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru vəzifəsinə təyin olundum. Mədəniyyətimizin inkişafı, Gürcüstan-Azərbaycan mədəniyyətinin möhkəmlənməsi uğrunda xidmətlərimə görə çoxsaylı təşəkkür diplomları ilə təltif olunmuşam.
2017-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin 2708 nömrəli sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adıyla təltif olundum.

-M.F.Axundovun ev muzeyinin yaranma tarixi və burada təqdim olunan eksponatlar haqqında məlumat verərdiniz.
-Muzeyin əsası 1982-ci ildə Gürcüstanda yaşayan azərbaycanlı ziyalıların müraciəti əsasında M.F.Axundovun tikdirdiyi və ömrünün sonuna qədər yaşadığı binada qoyulub.İki otaqdan ibarət olmaqla fəaliyyət göstərib. 1996-ci ildə ümummilli lider Heydər Əliyev muzeyə ziyarət edib və göstərişi nəticəsində muzey təmir olunub.2009-cu ildə isə muzeyə dövlət statusu verildi və muzeyin nəzdində Azərbaycan Mədəniyyət mərkəzi yaradıldı.
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi hal –hazırda 6 zaldan ibarətdir. Ekspozisiya zallarında Azərbaycan mədəniyyətinə aid olan əşyalar, milli geyimlər, xalçalar, mis və gil qablar, tanınmış şəxsiyyətlərimizin, bəstəkar və rəssamların fotoşəkilləri və onların əsərləri nümayiş olunur.
Mirzə Fətəli Axundovun yaşayışı, fəaliyyəti, ailəsinə aid olan fotomaterial və sənədlər muzeyin qiymətli əşyalarıdır. Mirzə Fətəli Axundovun əsərlərindən ibarət olan illüstrasiyalar, anadan olduğu evin maketi, doğum şəadətnaməsi, memorial əşyaları, fotoşəkilləri və arxiv materialları muzeydə saxlanılıb.
-Azərbaycan dövləti tərəfindən muzeyin fəaliyyəti ilə bağlı sizə dəstək göstərilirmi?
-Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi Azərbaycan dövləti tərəfindən 2011-2012ci illədə restavrasiya olundu.
2013-cü ildə isə muzeyin təntənəli açılışı oldu. Açılışda hər iki dövlətin rəhbərliyi və mədəniyyət nazirləri iştrak etdilər. Muzey müasir avadanlıqlarla təmin olunub, gələn qonaqlara audiobələdçilərlə 5 dildə məlumat verilir.
2013-cü ildən bəri muzeymizdə 600-ə qədər tədbir,görüş və kitab təqdimatları keçirilib.
-Bu muzeydə Gürcüstandakı soydaşlarımıza hansı xidmətlər göstərilir?
--Mədəniyyət ocağı olan bu ev hər bir azərbaycanlının, tələbə, məktəbli və ziyalılarımızın birləşdiyi görüş yerinə çevrildi. Muzeyin nəzdində rəsm, xalçaçılıq dərnəyi, dil kursları və musiqi dərnəyi fəaliyyət göstərir. Muzeydə Azərbaycan dilində kitabxana da var. Muzeydə sərgilər, müxtəlif tədbirlər və görüşlər təşkil olunur.Çox böyük uğurlarımız da var.Musiqi dərnəyində tanınmış pedaqoq İsmayıl Rzayev fəaliyyət göstərirdi.Tələbələrə klassik musiqi ilə muğamlarımızın sintezini öyrədirdi. Hətta, Almanyada musiqi festivalında iştirak etdik.Orada tələbəmiz birinci yerə layiq görüldü və tələbəmizin çıxışı münsiflər heyyətində yer alan erməni əsilli Aram Xaçaturyanın oğlu Qriqori Xaçaturyanı da ayağda alqışlamağa məcbur etdi. Biz çox sevinirik və tələbələrimizlə fəxr edirik.
-Gürcülərin muzeyə marağı necədir?
-Gürcülər və əcnəbi qonaqlar muzeyə böyük maraq göstərirlər.Gürcüstan höküməti muzeyimizə çox qayğı ilə yanaşır,hətta Gürcüstan mədəniyyət Nazirliyi bizim Xalçaçılığ dərnəyimizi 6 il maliyyələşdirdi. Bundan başqa gürcü rəssamları, yazıçıları, musiqiçiləri ilə sıx əməkdaşlığımız var.
-Bəs, muzeyin əcnəbi ziyarətçiləri olurmu?
-Bildiyiniz kimi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi Gürcüstanın aparıcı muzeyləri arasında özünə layiq yer tutub. Bu üzdən də şəhərə gələn turistlərin marağındadır. Muzeyi ziyarət edənlər arasında Avropa, İran, Türkiyə, Rusiya və Orta Asiya dövlətlərindən gələn ziyarətçilər də olur.
-M.F.Axundovun ev muzeyində hansı çatışmamazlıqlar var və siz onun tezliklə həll olunmasını istəyirsiniz?
Gürcüstanda biz öz mədəniyyətimizi,ədəbiyyatımızı çox böyük həvəslə təbliğ və təmsil edirik.Bundan çox qürur hissi keçirdirik.Dərnəklərimizdə xüsusilə musiqi dərnəyimizdə pedaqoq müellimə və eyni zamanda gürcü-dilinə tərcümə etdiyimiz M.F.Axundovun əsərlərini çapa vermək üçün maddi dəstəyə ehtiyacımız var.Ümid edirəm ki,tezliklə bu problemlərimiz də öz həllini tapacaq.
Hüquqşünas: Qələmzər Hüseynova



Uğurlarımız  Tarix:   20 Avq 2019 / 15:06


« Əvvəlki xəbər (5046 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR