Yanğının söndürülməsində bütün vasitələrdən istifadə olunur

Hirkan milli parkındakı yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb. Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəlada Hallar Nazirliklərinin əməkdaşları, 2 helikopter və 1 təyyarə havadan suçiləmə vasitəsilə yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur.
Bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.
“Biz artıq yanğını çərçivəyə almışıq və ümid edirik ki, yaxın zamanlarda yanğının söndürülməsini təmin edəcəyik. Baş vermə səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğın hadisələrinin törədilməsinə yol verməsinlər, yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.
Milli parklar, qoruqlar və meşə sahələri ilə sərhəddə yerləşən kənd sakinlərindən xahiş edirik ki, belə hallara rast gəldikdə dərhal meşə mühafizə işçilərinə xəbər versinlər və onlar özləri də bu yanğınların tez bir zamanda söndürülməsində iştirak etsinlər.
Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər.



Xəbərlər  Tarix:   22 Avq 2019 / 01:15


« Əvvəlki xəbər (5034 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR