Nümunəvi ailə modeli: Əsgərovlar ailəsi

Əsgərov Zahir Rəhim oğlu 1937-ci ildə Gədəbəy rayonunda, Hüseynova Raya Məmməd qızı isə 1936-cı ildə Qazax rayonunda anadan olmuşdur. 1960-cı ildə onlar ailə həyatı qurublar, bu nikahdan 4 övlad, 10 nəvə və 7 nəticə dünyaya gəlmişdir. Zahir Əsgərov əmək veteranıdır, o və xanımı Raya Hüseynova müxtəlif medallarla təltif olunmuşdur. Hal-Hazırda onlar Gəncə şəhərində yaşayırlar. Onların ailə hekayələrini sizə təqdim edirik.
Raya Hüseynova, Gəncə şəhər sakini, təqaüdçü müəllim:
Həyat yoldaşım Zahir müəllimlə Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində paralel oxumuş və elə həmin illərdə də tanış olaraq ailə qurmuşuq. İlk gündən qarşılıqlı anlaşmamız olub. Uşaqların tərbiyəsi mənim öhdəmə düşüb. Zahir müəllim istər işlədiyi məktəblərdə, istərsə də ailədə çox tələbkar olub. Çox ciddi adamdır. Bir sözü ikinci dəfə təkrar etməyi sevmir. Bu gün onun 80, mənim isə 79 yaşım var. 57 ildir birgə yaşadığımız müddətdə 4 övladımız, 10 nəvəmiz, 7 nəticəmiz olub.
Zahir müəllim ali təhsil aldığı illərdən əmək fəaliyyətinə başlayıb. Bir neçə il tramvay-trolleybus idarəsində növbətçi montyor işləyib. İnstitutu bitirdikdə hər ikimiz müəllim kimi internat məktəbinə göndərilmişik. Sonra yoldaşım 16 nömrəli məktəbdə direktor müavini və digər vəzifələrdə çalışıb və hazırda da əmək fəaliyyətini davam etdirir.
Ailə tərbiyəsi, uşaqlara tələbkar mövqe hər ikimizin ən böyük amalımız olub. Övladlarım – Elçin və Təranə ali təhsilli riyaziyyatçılardır. Elçinin iki qızı, Təranənin 4 övladı ali təhsilli mütəxəssis kimi bu gün xalq təsərrüfatının müxtəlif sahələrində çalışır. Aidə rus dili və ədəbiyyatı müəllimidir. İki övladları var, hər ikisi ali təhsilli mütəxəssisdir. Sonbeşiyimiz Elşən gömrük işçisidir. Onun üç uşağı var. Nəvəm Nicat Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsidir. Türkan və Aişə orta məktəbdə oxuyurlar.
Gəncədə təhsilə göstərilən böyük qayğı, məktəblərin, təhsil ocaqlarının yenidən qurulması təhsilin inkişafına böyük təkan vermişdir və bunun nəticəsi olaraq övladlarımız uğur qazana bildi.
Bax, beləcə Zahir müəllimlə yarım əsrdən artıq birgə yaşadığımız illərdə layiqli övladlar böyütmüş, nəvə və nəticələrimizi Vətənini, xalqını sevən bir insan kimi yetişdirmişik.
Deyim ki, ata-ana üçün ən böyük fəxarət övladlarının xoş sorağıdır. Bax, budur bizim ömrümüzə ömür calayan!



Xəbərlər  Tarix:   29 Avq 2019 / 00:47


« Əvvəlki xəbər (4992 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR