PAKİSTANLA ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

Sentyabrın 6-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Xeybər Paxtunxva Əyalət Assambleyasının nümayəndə heyəti ilə görüşdü.
Pakistan Senatı və Milli Assambleyası ilə yaxşı əlaqələrimiz olduğunu qeyd edən I vitse-spiker dedi ki, dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan dövləti bu münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Ziyafət Əsgərov minnətdarlıqla qeyd etdi ki, Pakistan dövləti hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qani ölkəmizin müstəqilliyi dövründə inkişaf edən əlaqələrimizdən, Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyəçilik tədbirlərindən məmnunluqla söz açdı. Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın inkişafında yüksək nəticələr əldə olunduğunu vurğuladı. İki ölkə arasında əlaqələri genişləndirməyin yaxşı perspektivləri olduğunu diqqətə çatdırdı.
Qonaq Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyinə tərəfdar çıxdıqlarını, 2012-ci ildə Pakistan parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdiklərini xüsusi qeyd etdi. Pakistanın Kəşmir problemi barədə danışdı və bu məsələnin sülh yolu ilə həllinə tərəfdar olduqlarını, sülh şəraitində yaşamaq istədiklərini bildirdi.
Xeybər Paxtunxva Əyalətinin informasiya naziri Şövkət Əli Yusafzai qeyd etdi ki, Azərbaycana gələn nümayəndə heyətinin tərkibində ticarət və biznes təmsilçiləri də var. Ölkələrimiz humanitar, mədəni, hərbi, turizm sahələrində olduğu kimi bu sahələrdə də yaxşı əməkdaşlıq edə bilər. İnvestorlarımız Azərbaycana sərmayə yatırmaq istəyirlər. Neft-qaz hasilatını genişləndirmək niyyətində olan Pakistan bu sahədə lider dövlət olan Azərbaycanın yardımına ehtiyac duyur. Enerji sahəsində əməkdaşlıq qarşılıqlı faydalı olar.
Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, 1995-2005-ci illərdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmiş olan Eldar İbrahimov həmin 10 il ərzində görülən işlərdən, ikitərəfli rəsmi səfərlərdən, əməkdaşlığın inkişafı baxımından nail olunan nəticələrdən danışdı.
Görüşdə Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti



Xəbərlər  Tarix:   7 Sen 2019 / 00:52


« Əvvəlki xəbər (4926 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR