Ağcabədidə yeni məktəb binaları istifadəyə verilib

Sentyabrın 12-də Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd və Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəblərinin yeni binalarının açılış mərasimi keçirilib.
Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkili Tahir Rzayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov, məktəbin pedaqoji kollektivi, şagird və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yeni məktəb binalarının açılışı münasibəti ilə təhsil işçilərini, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Təhsilə göstərilən dövlət qayğısından danışan nazir müavini son illər bu sahədə həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan söz açıb. Nazir müavini yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Millət vəkili Tahir Rzayev çıxışında təhsil infrastrukturunun yenilənməsi baxımından görülən işlərdən danışıb.
Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibətilə təbrik edib.
Ağcabədi rayonu H.Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin yeni binası 264 şagird yerlikdir. Məktəb 13 sinif otağı, 3 laboratoriya, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti, idman zalı və əmək hazırlığı kabinetindən ibarətdir.
Daha sonra Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəb 432 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, 3 laboratoriya, 3 fənn kabineti, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti, idman zalı, yeməkxana, texniki otaq, kompüter və linqafon otağı, həmçinin məktəbəhazırlıq qrupu üçün otaq yerləşir.
Açılış mərasimlərindən sonra tədbir iştirakçıları yeni tədris ocaqlarında yaradılan şəraitlə tanış olublar.



Xəbərlər  Tarix:   12 Sen 2019 / 22:35


« Əvvəlki xəbər (4900 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR