Ölkəmizdə Milli musiqi günü qeyd olunur

Azərbaycan professional musiqi sənətinin banisi dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü (Üzeyir musiqi günü) kimi təntənə ilə qeyd edilir.
Mədəniyyət tariximizin bu əlamətdar günündə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər.
Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzdülər. Həmçinin Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi, Müslüm Maqomayev kimi görkəmli musiqi korifeylərinin məzarları ziyarət olundu.
Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını Milli musiqi günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli musiqi günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir xalqımız bu bayramı qeyd edir. Üzeyir bəy nəinki Azərbaycan professional musiqisinin banisidir, o həm də yazıçı, mütəfəkkir və ictimai xadim kimi böyük şöhrət qazanıb”.
Nazir dedi ki, artıq 11 ildir Azərbaycanda Üzeyir Hacıbəylinin adını daşıyan beynəlxalq musiqi festivalı keçirilir: “Hazırda bu festival haqqında Fransanın məşhur “Mezzo” kanalında məlumat verilir, Üzeyir bəyin davamçısı olan Fikrət Əmirovun əsərləri də mütəmadi şəkildə bu kanalda səslənir. Bu da dahi bəstəkarın qoyduğu gözəl ənənənin təntənəsidir”.
Bu il görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illik yubileyinin keçiriləcəyini qeyd edən nazir vurğuladı ki, bu münasibətlə onun yaradıcılığına həsr olunmuş tədbirlər təşkil olunacaq.
Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur: “Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Həmişə olduğu kimi, bu dəfə də sentyabrın 18-dən başlanaraq bütün musiqi müəssisələrində dahi Üzeyir Hacıbəylinin doğum günü qeyd olunacaq. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün başlanan Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək. Festivalda 10 ölkədən tanınmış musiqiçilər iştirak edəcək”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Üzeyir Hacıbəylini Azərbaycan musiqisinin peyğəmbəri adlandırdı: “Mən inanıram ki, biz bu günü Şuşada qeyd edəcəyik. Çünki Üzeyir bəyin əsərləri, onun yaradıcılığı bizim əsas silahımızdır. Üzeyir bəyin ölməz musiqiləri dünyanın müxtəlif yerlərində səsləndirilir”.
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışdı. Bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.
Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir bəyin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirildi.
***
Tədbir daha sonra Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə davam etdi.
Konsertdən öncə çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli musiqi gününün əhəmiyyətindən, Üzeyir bəyin həyat və yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışdı.
Musiqi bayramı münasibətilə təbriklərini çatdıran Mədəniyyət naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini, bu tədbirin ölkəmizin dünyada tanınmasında rolunu diqqətə çatdırdı. Bildirildi ki, Üzeyir Hacıbəyli musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə də xüsusi önəm verib. Onun milli musiqimizin inkişafında xidmətləri əvəzsizdir.
Sonra təhsil ocağının Xalq çalğı alətləri orkestrinin ifasında “Qarabağ şikəstəsi” zərbi muğamı səsləndirildi.
***
Sonra mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələrin önünə tər güllər düzüldü, sənətkarların xatirəsi hörmətlə anıldı.
Mədəniyyət naziri Əbülfəs Qarayev vurğuladı ki, gün gələcək “Güllələnmiş heykəllər” öz doğma məkanlarında, yenidən musiqi, mədəniyyət beşiyimiz olan Şuşada ucaldılacaq. Bu festivallar da Şuşada təşkil olunacaq və o gün uzaqda deyil.



Xəbərlər  Tarix:   18 Sen 2019 / 22:48


« Əvvəlki xəbər (4889 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR