“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin daha bir yaşı, uğuru və ürəkləri sevindirən səfəri.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,“Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlunun ictimai fəallığı çoxlarına yaxşı məlumdur. Son 4 il ərzində dövlətin maliyyə dəstəyi olmadan fəaliyyət göstərən ictimai birliyin uğurları göz önündədir.
Bu birlik 2007-ci ilin sentyabr ayının 12-də yaradılıb və həmin ilin noyabr ayının 16-da Dövlət qeydiyyatına alınıb. Təşkilatın həm təsisçisi həm də sədri olan Şamil Sabiroğlu təşkilatın məqsədinin adından bəlli olduğunu bildirir. Bu il təşkilatın 12 yaşı qeyd olundu. Bu yaş sadəcə zamanın axarına qoşularaq 12 ili vurduğu üçün qeyd olunur. Şamil müəllim bildirdi ki, bütün birliyin nümayəndələri bu və gələcək yaşların təmtəraqlı qeyd olunması səbirsizlikə gözləyirlər. Nəyi gözləyirsiniz ? Sualını verdikdə:- “Torpaqların işğaldan azad olunmasını…” cavabını eşitdik. Hətta Şamil müəllim bildirdi ki, həmin gün bəlkə də bu təşkilatın fəaliyyətinə belə ehtiyac olmayacaq.
Təşkilat hər ay öz vəsaiti və yardımçı, xeyriyyəçi insanların köməyi ilə döyüş bölgələrinə səfər edir. İctimai Birliyin fəalları Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmovla birgə milli vətənpərvərliyin gücləndirilməsi istiqamətində maraqlı tədbirlər keçirirlər. Sentyabrın 27-də “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin yaradılmasının 12-ci ildönümü tamam oldu. Təşkilatın sədri Şamil Sabiroğlunun müraciətinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi vətənpərvər insanların Qərb bölgəsindəki hərbi hissələrdən birində maraqlı ədəbi-bədii gecə keçirmələrinə razılıq verib.
Tədbiri Birliyin Kütləvi Tədbirlər şöbəsinin rəhbəri, aparıcı və müğənni İslam Ələsgərli açıb. Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq. sükutla yad edilib.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev və Prezident Administrasiyasının rəhbərliyi ordu quruculuğuna çox ciddi fikir verirlər:
"General-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrdə aparılan islahatlar göz qabağındadır. Artıq inkişaf etmiş ölkələrdə də təsdiq edirlər ki, II Qarabağ savaşı başlasa, Azərbaycan tərəf qalib gələcək".
Şamil müəllim gələn qonaqları “N”saylı hərbi hissənin rəhbərliyinə təqdim etdi. Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov Şamil Sabiroğlunun rəhbərliyi altında hər ay bir hərbi hissədə tədbir keçirildiyini xüsusi vurğulayıb.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Nizami rayon filialının sədri, Vətən müharibəsi veteranı Məhi Mehdiyev, həmin Təşkilatın Nizami rayon Filialının sədr müavini, Vətən müharibəsi veteranı İzzət Şirinov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini xanım Dilbər Sultanova, “Space” Müstəqil Tele-Radio Şirkətinin və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı xanım Türkanə Səfərova, “uğurmedia.az” saytının təsisçi və baş redaktoru Tərlan Abbasov, Bakı Dövlət Universitetinin I kurs tələbəsi Mətin Abdullasoy ön xətdəki “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdən hədsiz məmnun olduqlarını qeyd ediblər.
Dilbər xanım bildirdi ki, məhz buna görə də yeganə qız övladı Fidanın ön xətdə xidmət edən kapitan Səxavət Allahverdiyevlə ailə həyatı qurmasına etiraz etməyib.
Bakının Xətai rayonundakı 95 nömrəli məktəbin 3 c sinif şagirdlərinin(sinif rəhbəri Ofelya Babayeva) və Sabunçu rayonundakı 67 nömrəli məktəbin azyaşlı şagirlərinin (sinif rəhbəri: Təranə Əlisoy) öz xətlərilə yazdıqları məktublar hərbi hissənin bir qrup zabit və əsgərinə təqdim olundu. Məktubları oxuyan zabit və əsgərlərin sevincdən gözləri yaşarmışdı.
İstedadlı müğənni İslam Ələsgərli və gənc ifaçı Sevinc Nəsirova Vətənə, torpağa və Orduya həsr edilən mahnıları oxudular. Hər iki ifaçının çıxışları çox maraqla qarşılandı.
Tədbirdə iştirak edən qonaqlardan biri də uğurmedia xəbər yayım və informasiya agentliyinin baş redaktor və təsisçisi Tərlan Abbasov idi.
Tədbirdən sonra Tərlan Abbasov öz təəssuratlarını bölüşərək bildirdi ki, tədbir zamanı onun müşahidə etdiyi duyğunu heç vaxt unutmayacaq. Onun qeydə əsasən:-“Həqiqətən də çox möhtəşəm bir tədbir oldu. Milli ruh, mənəvi dəyər, Vətənə məhəbbət, torpağa sevgi, düşmana nifrət- bütün bunların hamısı hərbi hissənin əsgərlərinin gözlərindən görünürdü. Tərlan Abbasov da öz növbəsində Şamil müəllim və onun sədrlik etdiyi “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin nümayəndələrini təbrik edib. Gələcəkdə də Bu cür möhtəşəm tədbirlərin keçirilməsinə imza atmalarını və bizim də uğurmedia olaraq işıqlandırmağımızı vurğulayıb.
Biz də bir Uğurmedia komandası olaraq Şamil Sabiroğlunu və onun rəhbərliyi altında çalışan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin nümayəndələrini təbrik edir gələcək fəaliyyətlərin uğurlar diləyirik. Arzu edirik ki, növbəti yaşlarını səbirsizliklə gözlədikləri azad olunmuş Qarabağ torpaqlarında təmtəraqlı keçirsinlər.
Xəbərlər departamentinin sədri: Vüsalə Dilqəm qızı



Öz xəbərlərimiz  Tarix:   3 Okt 2019 / 05:25


« Əvvəlki xəbər (4801 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR