Avropa İttifaqı ilə Azərbaycan Hökumətinin məşğulluqla bağlı birgə həyata keçirdiyi Tvinninq layihəsi başa çatdı

“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kęstutis Jankauskas, Litva Respublikasının Sosial Təminat və Əmək naziri cənab Linas Kukuraitisin rəhbərlik etdiyi nümayəndə heyəti, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidiyus Navikas, beynəlxalq qurumların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının Tvinninq layihəsinin üzvləri və dövlət qurumlarının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Litva, Avstriya Respublikasının və İsveç Krallığının ən yaxşı təcrübələri əsasında Avropa İttifaqı ilə Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Dövlət Məşğulluq Xidmətinin moderinləşdirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsindən əldə olunan nəticələr uğurlu əməkdaşlığın bariz nümunəsidir. Layihənin icrasının daha 2 ay müddətinə uzadılması bu layihənin Nazirlik üçün əhəmiyyətli və uğurlu olduğunu bir daha təsdiqləyir.
S.Babayev qeyd edib ki, Avropa İttifaqı ilə münasibətlər həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə uğurla həyata keçirilir. Müxtəlif sahələrdə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsi, tibb-sosial reabilitasiya, sığorta-pensiya və digər sahələrdə birgə həyata keçirilən layihələr Nazirliyin potensial imkanlarının artırılmasına xidmət etməkdədir.
Nazir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın ölkədə mövcud demoqrafik inkişaf perspektivlərinə və iqtisadi prioritetlərinə əsaslanaraq növbəti onillik üçün dövlət məşğulluq siyasətinin əsas prioritetlərini müəyyən etdiyini bildirib. S.Babayevin sözlərinə görə, “İşsizlikdən sığorta haqqında”, yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul olunması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin müvafiq tapşırıqları işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, aktiv əmək bazarı tədbirlərinin səmərəliliyinin artırılmasına, inklüziv məşğulluğun təmin olunmasına və ən əsası, ölkədə əmək bazarında yeni tənzimləmə mexanizmlərinin formalaşdırılmasına zəmin yaradır.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Litvanın Sosial Təminat və Əmək naziri Linas Kukuraitis, Litvanın Azərbaycan Respublikasındakı səfiri Eqidiyus Navikas da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyata keçirilən uğurlu əməkdaşlıqdan, “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinin əhəmiyyətindən, layihə çərçivəsində keçirilən tədbirlərdən və əldə olunan nəticələrdən danışıblar.
Daha sonra Litva Respublikasının Sosial Təminat və Əmək nazirinin müavini, üzv dövlət tərəfindən layihə rəhbəri Xanım Eqle Radişauskin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev təqdimatlar ediblər.
Bağlanış mərasiminin sonunda “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlimçilərin bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi üçün keçirilən “təlimçilər üçün təlim” proqramının iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək“ Tvinninq layihəsinə 18 sentyabr 2017-ci il tarixdən start verilib. Layihənin məqsədi Dövlət Məşğulluq Xidmətinin institusional potensialının, idarəçiliyinin və işinin gücləndirilməsi, işaxtaran və işəgötürənlərin ehtiyaclarının daha yaxşı qarşılamaqla dövlət tərəfindən həyata keçirilən məşğulluq xidmətlərinin müasirləşdirilməsi və təkmilləşdirilməsidir. Layihənin tərəfdaşları isə Avropa İttifaqı, Litva (əsas tərəfdaş), Avstriya və İsveçdir.



Xəbərlər  Tarix:   4 Okt 2019 / 21:46


« Əvvəlki xəbər (4787 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR