Azərbaycan Milli İncəsənət Muzeyində yeni layihənin təqdimatı olacaq

24-25 oktyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihə keçiriləcəkdir. Layihənin rəsmi açılış mərasimi 24 oktyabr saat 11:00-da başlanacaqdır. Layihənin əsas məqsədi silahlı münaqişələr və fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərinin keçirilməsi, təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını hərtərəfli təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.
Tədbirdə, müxtəlif qurumlar tərəfindən ölkəmizdə görülən müvafiq işlər haqqında ətraflı məlumat veriləcəkdir.
Sözügedən təqdimat mərasimində çərçivəsində UNESKO və Beynəlxalq Muzeylər Şurasından (ICOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizdə 2 günlük seminar açılışı da planlaşdırılır. Seminar çərçivəsində müxtəlif regionların, həmçinin sərhədyanı bölgələrin muzey əməkdaşlarına fövqəladə hallarda mədəni sərvətlərin düzgün evakuasiyasına dair müvafiq təlimatlar veriləcəkdir.
Həmçinin mərasimdə layihə çərçivəsində yaradılmış veb sayt və Azərbaycan dilinə tərcümə olunmuş İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və UNESKO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlığı çərçivəsində nəşr olunmuş “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabının da təqdimatı keçiriləcəkdir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan bu layihə UNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən həyata keçirilir.



Xəbərlər  Tarix:   23 Okt 2019 / 23:25


« Əvvəlki xəbər (4684 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR